Sağlamlıq Özəl

Hamilə qadınların diqqətinə — Belə hallar yaşanmasın deyə...

Hamilə qadınların diqqətinə — Belə hallar yaşanmasın deyə...

Bəzi hallarda doğuş prosesi gözlənilmədən sürətlənir və qadınlar xəstəxanaya çatmadan, hətta təcili tibbi yardım avtomobilində belə doğuş edə bilirlər. Xüsusilə sürətli doğuşlarda prosesə əvvəlcədən dəqiq zaman müəyyən etmək mümkün olmur.

Bu kimi halların yaşanmaması üçün nə etmək olar?

Demokrat.az-a bu barədə açıqlama verən ginekoloq Elnurə Salmanova bildirib ki, bu təkrarlanan doğuşlarda zamanı əvvəlcədən dəqiq müəyyən etmək mümkün olmur:

“Bəzi doğuşlar sürətli, yəni çox tez baş verən doğuşlar olur və belə halları nəzarətdə saxlamaq mümkün deyil.

Əgər xanımın əvvəlki doğuşu sürətli olubsa və ya ikinci, üçüncü və digər növbəti doğuşudursa, belə halların baş verməsi gözlənilə bilər. Ona görə də həm xanım özü, həm də onu yönləndirən həkim bu barədə məlumatlı olmalıdır. Həkim bilməlidir ki, əgər bu, ikinci və ya növbəti doğuşdursa, xanımın yolda doğuş etməsi ehtimalı var”.

Onun sözlərinə görə, dünyanın hər yerində təcili və gözlənilməz doğuşlar baş verir:

“Bunu ekranlardan da görürük: insanlar bəzən ticarət mərkəzlərində, tualetlərdə və müxtəlif yerlərdə doğuş edə bilirlər. Çünki doğuş elə bir prosesdir ki, onu hər zaman nəzarətdə saxlamaq və gedişatını dayandırmaq mümkün deyil”.

Qeyd edək ki, Füzulidə doğuş sancısı tutan qadın xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşdığı üçün TƏBİB-in təcili tibbi yardım briqadası doğuşu avtomobildə həyata keçirib, 3,5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib və hər ikisi Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilərək vəziyyətləri sabit qiymətləndirilib.

Fidan Hacızadə

D
demokrat.az