Kriminal Özəl

"100 manata xırdan var?" sözünə görə dava düşdü, işə polis qarışdı

100 manata xırdan var? sözünə görə dava düşdü, işə polis qarışdı

Sumqayıt şəhərində pul xırdalamaq üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

1989-cu il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində tanışı Elmar ilə mübahisə edib. Bu zaman Pərviz Elmarın sol qoluna və baş nahiyəsinə yumruq zərbələri ilə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtoyuma məntəqəsində işləyən Elmarın yanına gedib və ona 100 manatlıq əskinası xırdalamasını istəyib:

“Elmar mənə kobud cavab verdiyindən aramızda mübahisə yarandı. Mübahisə zamanı bir neçə dəfə Elmarın baş nahiyəsinə və qoluna yumruqla zərbələr vurdum. Elmar zərbənin təsirindən yerə yıxıldı. Münaqişə 3-4 dəqiqə davam etdi. Sonra oradan getdim”.

Pərviz ifadəsinin sonunda əməlindən peşman olduğunu, aralarında barışıq olduğunu, vurulmuş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını deyib.

İş üzrə zərərçəkmiş Elmarın sözlərinə görə, Pərviz oraya gəlib və ona 100 manatlıq əskinas verərək xırdalamasını deyib:

“Həmin vaxt yorğun və əsəbi olduğumdan Pərvizə kobud cavab verdim. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərviz bir neçə dəfə yumruqla baş nahiyəmə, sol qoluma zərbələr vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Buna görə də polis orqanına şikayət etdim”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az