Cəmiyyət Özəl

Valideynlərin fərqinə varmadığı təhlükəli vərdiş — Psixoloqdan açıqlama

Valideynlərin fərqinə varmadığı təhlükəli vərdiş — Psixoloqdan açıqlama

Uşaqların istəkləri yerinə yetirilmədikdə ağlaması, özünü yerə atması, qışqırması və ayaqlarını döyməsi valideynlərin qarşılaşdığı ən çətin davranış problemlərindən biri hesab olunur. Xüsusilə erkən yaşlarda uşaqlar hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdikləri üçün narazılıqlarını bu cür davranışlarla göstərə bilirlər.

Belə vəziyyətlərdə valideynlərin reaksiyası uşağın gələcək davranışlarının formalaşmasına da təsir edə bilər. Uşaq hər ağladıqda istəyinin yerinə yetirilməsi onun zamanla ağlamağı və aqressiv davranışları istədiyinə nail olmaq vasitəsi kimi qəbul etməsinə səbəb ola bilər. Digər tərəfdən, həddindən artıq sərt münasibət də uşağın emosiyalarını düzgün ifadə etməsinə mane ola bilər.

Bəs uşağın istəyi yerinə yetirilmədikdə özünü yerə atması, ayaqlarını döyməsi və ağlayaraq özünü itirməsinin qarşısını almaq üçün valideynlər körpəlikdən hansı tərbiyə üsullarına diqqət etməlidirlər? Uşağa sərhədləri və “yox” cavabını qəbul etməyi necə düzgün öyrətmək olar? Valideyn belə vəziyyətdə uşağın emosiyasına necə reaksiya verməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Aynur Əliyeva bildirib ki, uşağın özünü yerə atması, ayaqlarını döyməsi və uzun müddət ağlaması hər zaman “tərbiyəsizlik” demək deyil.

Onun sözlərinə görə, xüsusilə erkən yaşlarda uşaq güclü emosiyalarını idarə etmək bacarığını hələ tam formalaşdırmayıb:

“Amma valideynin reaksiyası bu davranışın gələcəkdə möhkəmlənməsinə və ya azalmasına ciddi təsir edir.

“Yox” deməyi körpəlikdən öyrətmək lazımdır. Valideyn hər dəfə uşağın ağlamasına görə qərarını dəyişirsə, uşaq öyrənir ki, ağlamaq, qışqırmaq və özünü yerə atmaq istədiyini əldə etməyin effektiv vasitəsidir. “Yox” deyilibsə, mümkün qədər sakit və ardıcıl şəkildə həmin sərhəd qorunmalıdır.

Sərhəd qoymaq cəza vermək demək deyil. “Bunu etməyə icazə vermirəm” deməklə yanaşı, uşağın hissini də qəbul etmək olar: “Sən bunu çox istəyirdin və indi əsəbiləşmisən. Amma cavabım dəyişmir”. Beləliklə, uşaq həm hisslərinin qəbul edildiyini, həm də hər istəyinin yerinə yetirilmədiyini öyrənir.

Uşağın emosional gərginliyi çox artıbsa, həmin anda uzun-uzadı nəsihət vermək adətən işləmir. Valideyn sakit qalmalı, təhlükəsizliyi təmin etməli və qısa cümlələrdən istifadə etməlidir. Uşaq sakitləşdikdən sonra davranışı barədə danışmaq daha effektivdir.

Ağlamaq “pis davranış” kimi qiymətləndirilməməlidir. Uşağa “ağlama”, “sən böyük uşaqsan”, “utanmırsan?” kimi ifadələr demək əvəzinə, emosiyanı adlandırmaq faydalıdır: “Sən əsəbiləşdin”, “İstədiyin olmayanda məyus oldun”. Bu, uşağın zamanla öz emosiyalarını tanımasına və ifadə etməsinə kömək edir.

Valideyn özü nümunə olmalıdır. Uşağa emosiyalarını idarə etməyi öyrətməyin ən güclü yollarından biri valideynin öz davranışıdır. Valideyn hər “yox” cavabında qışqırır, hədələyir və ya fikrini dəyişirsə, uşaq da emosional reaksiyanı bu şəkildə öyrənir.

Uşağa seçim imkanı vermək sərhədləri asanlaşdırır. Məsələn: “Oyuncaqları indi yığışdırırıq. Özün yığmaq istəyirsən, yoxsa mən kömək edim?” Burada əsas qərar dəyişmir, amma uşaq proses üzərində daha çox nəzarətinin olduğunu hiss edir.

Yaxşı davranış diqqətsiz qalmamalıdır. Valideynlər çox vaxt yalnız uşaq problem yaratdıqda ona diqqət ayırırlar. Halbuki uşaq sakit şəkildə “yox” cavabını qəbul etdikdə bunu xüsusi qeyd etmək lazımdır: “Sən istədiyin alınmasa da, sakit qaldın. Bu, çox yaxşı idi”. Beləliklə, arzuolunan davranış möhkəmləndirilir”, - deyə psixoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az