Eyni maaşla fərqli şəhər və rayonlarda yaşayan insanların gündəlik xərcləri eyni olmur. Kirayə, ərzaq, nəqliyyat və digər əsas ehtiyacların qiymətləri ərazidən əraziyə dəyişdiyi üçün eyni gəlir fərqli yaşayış imkanları yarada bilər.
Eyni maaşla Bakı, Gəncə, Sumqayıt və rayonlarda real yaşayış standartı necə dəyişir?
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən dövlət qulluqçuları, eləcə də bir sıra digər dövlət müəssisələrində çalışan şəxslər öz yaşadıqları ərazilərdən kənarda işləyirlərsə və ya rotasiya olunurlarsa, onlara əlavə ödənişlər həyata keçirilir:

“Bu ödənişlər işğaldan azad olunmuş ərazilərimizdə isə daha yüksək əmsalla ifadə olunur. Hazırda məhz bu fərq nəzərə alınmaqla ödənişlər həyata keçirilir. Təbii ki, bölgələr üzrə yaşayış xərclərini qiymətləndirdikdə onların bir-birindən fərqləndiyini görürük. Bəzi bölgələrimizdə yaşayış xərcləri nisbətən yüksəkdir. Bu, xüsusilə qış mövsümündə daha çox müşahidə olunur. Çünki həmin ərazilər dağlıq rayonlar olduğuna görə burada yaşayan vətəndaşların kommunal xərcləri daha yüksək olur. Xüsusən də təbii qazdan daha çox istifadə edilməsi onların ümumi xərclərinə təsir göstərir. Nəqliyyat xərcləri də bölgələr üzrə fərqlənir. Eyni zamanda, bəzi hallarda qida, xüsusən kənd təsərrüfatı məhsulları üzrə qiymətlərin də fərqli olduğunu müşahidə edə bilirik”.
İqtisadçının sözlərinə görə, bu baxımdan bizim təklifimiz ondan ibarətdir ki, dağlıq ərazilərdə yaşayan sakinlərimiz üçün kommunal xidmətlərin daha ucuz təklif olunması, yəni daha aşağı tariflə tətbiq olunan limitin artırılması və ya vətəndaşların, xüsusən də təbii qazdan daha sərfəli qiymətlə istifadə etməsinin təmin olunması nəzərdən keçirilsin:
“Digər məqam isə məhz əmsallara yenidən baxılmasıdır. Dövlət müəssisələrində çalışan və rotasiya əsasında başqa ərazilərdə işləyən vətəndaşlarımıza daha yüksək əmsallarla ödənişlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik”.


