Azərbaycanda əhalinin dərman və digər əczaçılıq məhsullarına çəkdiyi xərclərin son bir ildə 24 faizə yaxın artması ölkədə əhalinin bu məhsullara xərclərinin yüksəldiyini göstərir. Bu artımın yalnız dərman qiymətlərindəki dəyişikliklərlə bağlı olub-olmadığı, yoxsa əhalinin dərmanlara olan tələbatının və istehlak həcminin də artdığı sual doğurur.
Bəs əhalinin əczaçılıq məhsullarına xərclərinin 24 faizə yaxın artmasının əsas səbəbi nədir? Bu artım daha çox dərman qiymətlərinin yüksəlməsi ilə bağlıdır, yoxsa əhalinin dərmanlara olan tələbatı və istehlak həcmi də artıb?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, bu artımın əsas səbəblərindən biri dərman və digər əczaçılıq məhsullarının qiymətlərinin yüksəlməsidir.

Onun sözlərinə görə, son dövrdə dərman qiymətlərində artım müşahidə olunur və bu da əhalinin həmin məhsullara əvvəlki ilə müqayisədə daha çox vəsait xərcləməsinə gətirib çıxarır:
“Yəni insanlar eyni və ya oxşar dərmanları almaq üçün daha yüksək məbləğ ödəməli olurlar. Bu isə ümumi xərclərin statistikasında özünü göstərir.
Bununla yanaşı, bu sahədə ödənişlərin rəsmiləşməsi də artıb. Xüsusilə onlayn ödənişlərin və bank kartları vasitəsilə həyata keçirilən ödənişlərin həcminin artması əczaçılıq sektorunda dövriyyənin daha böyük hissəsinin rəsmi şəkildə qeydə alınmasına səbəb olur.
Əvvəllər nağd formada həyata keçirilən və statistik göstəricilərdə tam əks olunmayan müəyyən ödənişlər artıq kartla və ya digər elektron üsullarla həyata keçirilir. Bu da dövriyyənin rəsmiləşməsini və nəticə etibarilə rəsmi statistikalarda görünən xərclərin həcmini artırır.
Ona görə də əczaçılıq məhsullarına çəkilən xərclərin artmasını yalnız insanların dərmanlara tələbatının yüksəlməsi ilə əlaqələndirmək düzgün olmaz. Burada həm dərman qiymətlərinin artması, həm də ödənişlərin və dövriyyənin daha çox rəsmiləşməsi mühüm rol oynayır. Dövriyyənin rəsmiləşməsi artdıqca, təbii olaraq rəsmi rəqəmlərdə əhalinin bu sahəyə xərclədiyi vəsaitin həcmi də daha yüksək görünür”, - deyə iqtisadçı fikrini tamamlayıb.


