Ölkənin daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəsmi göstəricilər yaşayış sahələrinin xeyli bahalaşdığını göstərir. Cari ilin üçüncü rübündə evlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 8,4 faiz yüksəlib.
Bazarın müxtəlif seqmentlərində də fərqli dinamika müşahidə olunur. Ötən illə müqayisədə yeni tikililərdə qiymətlər 10,4 faiz qalxıb. İkinci əl evlərin yer aldığı təkrar bazarda isə artım 8,4 faiz təşkil edib.
Mənzil bazarındakı bahalaşma rüblük müqayisədə də özünü göstərir. İkinci rüblə müqayisədə ümumi qiymət indeksində 1,4 faiz yüksəliş qeydə alınıb. Bu müddətdə yeni binalarda 1,3 faizlik, köhnə mənzillərdə isə 1,4 faizlik artım baş verib.
Yəni ölkədə xüsusilə yeni tikililər daha sürətlə bahalaşır və mənzil almaq xərcləri rübdən-rübə artır.


