Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısının açılış mərasimindəki çıxışında Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın törədilmiş cinayətlərə görə hələ də layiqli cəzalarını almadıqlarını vurğulayıb. Azərbaycanın suveren ərazilərinin işğalı, xalqımıza qarşı törədilən qətliamlar, deportasiyalar və digər ağır cinayətlər fonunda Ermənistanın keçmiş rəhbərlərinin mümkün hüquqi məsuliyyəti məsələsi yenidən gündəmə gəlir.
Bəs həmin şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunması hansı hüquqi mexanizmlərlə mümkündür? Bu məsələdə beynəlxalq ədalət mühakiməsinin imkanları və qarşısında duran maneələr nələrdir?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə musavat.com-a danışıb:
"Cənab Prezident haqlı olaraq bu məsələni tədbirdə qaldırdı və Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın törətdikləri cinayətləri bir daha qeyd etməklə onların hələ də layiqli cəza almadıqlarını vurğuladı. Bu, doğrudan da, belədir. Əslində, onlar həm də müharibə cinayətləri törədiblər. Bilirsiniz ki, müharibə cinayətlərinə görə müddətin keçməsi anlayışı yoxdur. Yəni onlar istənilən vaxt məsuliyyətə cəlb oluna bilərlər".
Ç.Qənizadə həmin şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunmasını və cəzalandırılmasını real hesab etmədiyini bildirib:
"Çünki bu yaramazlar cinayətlər törətdikləri halda belə, Avropa Şurasının hər prezident seçkisindən sonra keçirilən iclaslarında iştirak edirdilər və deputatlar onları alqışlayırdılar. Halbuki onların əlləri Qarabağda minlərlə soydaşımızın qanına bulaşmışdı. Xocalıda bir gecədə qətliam törətmişdilər: 613 nəfər qətlə yetirilmiş, 1270 nəfərdən çox insan yaralanmışdı. Bu qatilləri, bu cinayətkarları beynəlxalq qurumlar alqışlarla qarşılayırdılar. Mən də bunun bir neçə dəfə şahidi olmuşam. Avropa Şurasında həm ekspert, həm də Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü kimi bu hallarla qarşılaşmışam.
Təəssüf edirəm ki, beynəlxalq hüquq Ermənistanın törətdiyi bu cinayətlərə münasibətdə həmişə göz yumulmasının qarşısını ala bilməyib. Ən azı, siz bilirsiniz ki, 30 il ərzində işğala göz yumdular. 907-ci maddə ilə bağlı məsələ də var: işğala məruz qaldığımız halda, bu müddəa bizə qarşı tətbiq olundu. İşğalçıya "yerində dur" demədilər. ATƏT-in Minsk qrupu da bu məsələdə sanki Azərbaycanı Qarabağdan uzaqlaşdırmaq siyasəti yürüdür, daha çox bölgənin erməniləşdirilməsi siyasətinin tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Lakin bütün bunlar puça çıxdı, məhv oldu və torpaqlarımız işğaldan azad edildi".
Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, bu şəxslər məsuliyyətə cəlb olunublar və barələrində müəyyən tədbirlər görülüb:
"Ancaq inanmıram ki, Azərbaycanın bu məsələ ilə bağlı irəli sürdüyü həbs tələbləri, beynəlxalq axtarış və digər hüquqi prosedurlar İnterpol və başqa mexanizmlər vasitəsilə Avropa ölkələrində reallaşdırılsın, yaxud beynəlxalq təşkilatlar onların həbsinə razılıq versin. Ona görə də hazırkı şəraitdə bu şəxslərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmasını qeyri-mümkün hesab edirəm. Ermənistanın indiki baş naziri ölkə daxilində siyasi rəqibləri ilə mübarizə apardığı, eyni zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olduğu bir dövrdə belə, bu prosesin uzandığını görürük. Gələcəkdə Azərbaycanın həmin şəxslərlə bağlı qaldırdığı cinayət işləri üzrə müəyyən addımlar atıla bilər. Sülh sazişindən sonra, diplomatik münasibətlər qurulduqdan sonra cinayət törətmiş şəxslərin bir-birinə təhvil verilməsi ilə bağlı müqavilənin imzalanması da mümkün ola bilər. Bu, zaman məsələsidir.
Bilmirəm, heç olmasa, həmin vaxta qədər bu cinayətkarların ömrü çatacaqmı... Ancaq görünən odur ki, beynəlxalq hüququn ayaqlar altına atıldığı indiki dövrdə onlar da cəzasız qalacaqlar".



