Özəl Sağlamlıq

Hər gün yediyimiz qidalardakı gizli zəhər — Açıqlama

Hər gün yediyimiz qidalardakı gizli zəhər — Açıqlama

Son illərdə şəkərsiz və aşağı kalorili məhsullara marağın artması süni dadlandırıcıların qida sənayesində daha geniş istifadə olunmasına səbəb olub. Lakin bu maddələrin uzunmüddətli istehlakının sağlamlığa təsiri, xüsusilə uşaqlar və yeniyetmələr üçün mümkün riskləri müzakirə mövzusudur.

Bəs süni dadlandırıcılar orqanizmə necə təsir edir, onların müntəzəm istifadəsi hansı fəsadlara yol aça bilər və istehlakçılar məhsul seçərkən nələrə diqqət etməlidirlər?

Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qida əlavələrinin məhsullara qarışdırılması ilə bağlı müəyyən normativ aktlar mövcuddur.

Hər gün yediyimiz qidalardakı gizli zəhər — Açıqlama

Onun sözlərinə görə, bu sənədlərdə hər kiloqram məhsula hansı qida əlavəsinin nə qədər miqdarda əlavə edilə biləcəyi göstərilir:

"Lakin həmin maddələrin hansı miqdardan sonra insan orqanizmi üçün təhlükə yarada biləcəyi, hansı həddə çatdıqda zəhərlənməyə səbəb ola biləcəyi barədə məlumatları tapmaq o qədər də asan deyil. Belə məlumatlara bəzi elmi mənbələrdə və xüsusi tədqiqatlarda rast gəlmək mümkündür.

Məsələn, qarpızda nitratın miqdarı ilə bağlı müəyyən normalar mövcuddur. Ancaq məhsulda nitratın normadan artıq olması ilə insanın zəhərlənməsi üçün lazım olan miqdar eyni anlayış deyil. Burada insanın çəkisi, qəbul etdiyi nitratın ümumi miqdarı, orqanizmin fərdi xüsusiyyətləri və digər amillər də nəzərə alınmalıdır.

Tutaq ki, müəyyən hesablamalara əsasən, zəhərlənmə riski yarada biləcək nitrat miqdarı ilə bağlı konkret rəqəm göstərilir. Bu zaman həmin maddənin bir kiloqram məhsulda nə qədər olması ilə insanın nə qədər məhsul qəbul etməsi arasındakı əlaqəni düzgün qiymətləndirmək lazımdır. Lakin yalnız bu rəqəmlərə əsaslanaraq konkret miqdarda qarpız yeyən hər kəsin zəhərlənəcəyini söyləmək düzgün olmaz. Çünki risk məhsulun tərkibindəki nitratın faktiki miqdarından və qəbul edilən ümumi dozadan asılıdır".