Özəl Siyasi

Məqsədimiz qisasçılıq yox, ədalətin təmin olunmasıdır — Deputat

Məqsədimiz qisasçılıq yox, ədalətin təmin olunmasıdır — Deputat

"Ermənistanın keçmiş rəhbərliyinin fəaliyyəti və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər məsələsi regionda sülhün və ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ermənistanın hər üç keçmiş prezidentinin hakimiyyəti dövründə həyata keçirilən siyasət nəticəsində Azərbaycan xalqı ağır faciələr yaşayıb, minlərlə insan həyatını itirib, ailələr öz doğma yurdlarından didərgin düşüb. Bu günədək həmin hadisələrdə məsuliyyət daşıyan şəxslərin hamısının layiqli hüquqi cəza almaması ədalət məsələsini gündəmdə saxlayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Ermənistanın 2018-ci ildən sonrakı rəhbərliyinin siyasətinə gəldikdə isə qeyd etmək lazımdır ki, hakimiyyət dəyişikliyi əvvəlki dövrdən miras qalmış bir sıra problemlərin aradan qaldırılmasına gətirib çıxarmadı:

"Əksinə, uzun illər davam edən münaqişənin həlli, Azərbaycanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün yaradılması istiqamətində ciddi maneələr mövcud oldu. Davamlı sülh üçün Ermənistanın keçmişin reallıqlarını qəbul etməsi, tarixi və hüquqi məsuliyyət məsələlərinə obyektiv yanaşması vacibdir. Avropa Şurası və Avropa Parlamenti kimi qurumların fəaliyyətinə gəldikdə, beynəlxalq təşkilatların əsas missiyası beynəlxalq hüququn prinsiplərini qorumaq, insan hüquqlarına hörmətin təmin olunmasına töhfə vermək və münaqişələrin həllinə dəstək göstərməkdir. Lakin bu prinsiplərə selektiv yanaşma, ikili standartlar və müəyyən məsələlərə siyasi maraqlar prizmasından münasibət bəslənilməsi həmin qurumların nüfuzuna xələl gətirir. Beynəlxalq təşkilatlar öz fəaliyyətlərində obyektivlik və ədalət prinsiplərinə sadiq qalmalı, qəbul etdikləri mövqelərdə ardıcıllıq nümayiş etdirməlidirlər".

Deputat qeyd edib ki, Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesi Azərbaycanın öz ərazisində ədalətin bərqərar olunması və hüquqi məsuliyyət prinsipinin təmin edilməsi baxımından mühüm hadisədir:

"Bu prosesi Nürnberq tribunalı ilə müqayisə edərkən əsas məqam müharibə cinayətlərinə görə məsuliyyətin müəyyənləşdirilməsi və cəzasızlıq mühitinə son qoyulmasıdır. Azərbaycan xalqı uzun illər ərzində ağır itkilərə, faciələrə və əzablara məruz qalsa da, öz mübarizəsini hüquqi müstəvidə aparmağa üstünlük verib. Bizim məqsədimiz qisasçılıq deyil, ədalətin təmin olunması və belə faciələrin bir daha təkrarlanmamasıdır. Bütün bunlar bir daha göstərir ki, beynəlxalq hüququn kağız üzərində qalması, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası üçün təsirli mexanizmlərin mövcud olmaması münaqişələrin uzanmasına şərait yaradır. Qətnamələrin icrası təmin edilmədikdə, onların çəkindirici gücü zəifləyir və yeni qarşıdurmalar üçün zəmin yaranır. Buna görə də beynəlxalq ictimaiyyət qərarların icrasına real təminat verən mexanizmlərin formalaşdırılması istiqamətində addımlar atmalıdır. Yalnız bu halda beynəlxalq hüququn aliliyi təmin oluna, dövlətlərin suverenliyi və ərazi bütövlüyü qoruna, gələcək nəsillər müharibə və münaqişələrdən uzaq yaşaya bilər".

FH
Fidan Hacızadə
Müxbir