Jurnalistika tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub. Biz əminik ki, rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında müstəsna rol oynayan jurnalistlərimiz bu nümunəvi missiyanı uğurla davam etdirəcək.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan jurnalistlərinin IX qurultayında Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını xatırladıb: "Dövlətimizin başçısı öz çıxışında ölkəmizə qarşı yönələn siyasi-ideoloji təhdidlərdən xüsusilə bəhs edib. Media və Yayım Şurası olaraq biz də hər gün çalışıb ölkəmizə qarşı yönələn dezinformasiyanın qarşısını almaq üçün onları ifşa edən bəyanatlar, açıqlamalar veririk".
Natiq Məmmədli vurğulayıb ki, Azərbaycan jurnalistləri, fikir adamları, ictimai xadimləri ölkəmizə qarşı dezinformasiya hücumu həyata keçirən, siyasi-ideoloji təxribat törətmək istəyən qüvvələrə qarşı prinsipial mövqe nümayiş etdirməlidir. "Biz qalib, müzəffər Azərbaycan Respublikasının vətəndaşı olduğumuzu heç bir zaman unutmamalıyıq. Bunun böyük məsuliyyəti və qüruru var".


