Media

Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır

Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır

"Azərbaycan Jurnalistlərinin Etik Davranış kodeksi qaydalarına yeni prinsip əlavə edilir. Süni intellektlə bağlı prinsipin hazırlanması istiqamətində iş aparılır".

Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək:

"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdır".

"6.3. Süni intellektin köməyi ilə yaradılan, dəyişdirilən və əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılmasını təmin etmək məqsədilə şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işlənməli və onun mənşəyi barədə auditoriyaya məlumat verilməlidir. Süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət edilməlidir", - deyə M.Ələsgərli əlavə edib