Cəmiyyət

Azərbaycanda iş saatları azaldıla bilər

Azərbaycanda iş saatları azaldıla bilər

"Bu gün bizim çox iş yerlərində əsas diqqət işçinin saat neçədə gəlib, neçədə çıxmasına yönəlir. Halbuki, əsas məsələ işçinin gün ərzində hansı nəticəni əldə etməsi olmalıdır".

Deputat Razi Nurullayev bu barədə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi"nin birinci oxunuşda müzakirəsi zamanı çıxışında danışıb.

Onun sözlərinə görə, işçinin səkkiz saat iş yerində olması həmin müddətin hamısında eyni məhsuldarlıqla işləməsi demək deyil:

"Bəzən xarici şirkətlərdə bir neçə saata görülən iş, bizim müəssisələrdə günlərlə uzanır. Əlbəttə, hər sahəni ayrı-ayrı müqayisə etmək olmasa da, bu fərqlərin səbəblərini araşdırmağa ehtiyac var. Çünki çox vaxt işçinin özündə deyil, işin təşkilində, idarəetmədə və lazımsız bürokratik prosedurlardadır. Biz elə iş sistemi qurmalıyıq ki, insan işini daha səmərəli təşkil etməklə nəticəsini qısa müddətdə əldə edə bilsin. Məsələn, işin xarakteri imkan verirsə, işçi dörd saat işləyib, 5 saat tez çıxa bilsin".

Deputat hər kəsin eyni vaxtda işə gəlib, eyni vaxtda çıxmasını bütün sahələr üzrə dəyişməz qayda kimi qəbul etməyin düzgün olmadığını açıqlayıb:

"Məqsədimiz işin keyfiyyətini və nəticəsini aşağı salmadan insanlara daha çox vaxt qazandırmaq olmalıdır. İnsan yalnız iş sisteminə qürbən yaşamır. Onun ailəsi, övladları, şəxsi maraqları, istirahəti də var. İşlə şəxsi həyat arasında sağlam tarazlığın yaradılması həm insana, həm də əmək məhsuldarlığı baxımından da əhəmiyyətlidir. Əlbəttə, bu yanaşma bütün sahələrdə eyni qaydada tətbiq edilə bilməz.

Elə işlər var ki, fasiləsiz xidmətlə, qrafiklə iş rejimləri tələb edir. Ancaq uyğun sahələrdə daha çevik iş rejiminin keçidi, nəticəyə əsaslanan qiymətləndirməni və iş vaxtından səmərəli istifadəni təşviq etməyin tərəfdarıyam. İnanıram ki, müasir əmək münasibətlərinin gələcəyi daha çox saat işləməkdə deyil, daha səmərəli işləməkdədir. Biz insan əməyinə və insanın vaxtına dəyər verməliyik". (sfera.az)

Editor
Redaktor