Cənab Prezident İlham Əliyevin Bakıda təşkil olunan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündə səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan münaqişəsinin tarixini və bundan doğan nəticələri bir daha xatırlatmaqla məhdudlaşmırdı. Cənab Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı beynəlxalq münasibətlər sisteminin fundamental problemlərindən birini yenidən gündəmə gətirdi. Dövlətimizin başçısı beynəlxalq hüquq normalarının həyata keçirilməsinə nəzarət edən və onların yerinə yetirilməsini təmin edən mexanizmlərin səmərəsizliyini diqqətə çatdırdı.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Azərbaycanın üzləşdiyi problem sübut etdi ki, beynəlxalq hüququn mövcudluğu sadəcə müvafiq sənədlərdə əks olunan prinsiplərlə ölçülə bilməz:
"Bu prinsiplərin praktikada reallaşdırılması üçün işlək vasitələr olmalıdır. Bu vasitələr olmadıqda, təəssüf ki, hüquqi sənədlər öz təsir gücünü itirir, dişsiz və ünvansız bəyanatlardan o tərəfə keçə bilmir. Belə reallıqda və şəraitdə təcavüzkar tərəf də mövcud boşluqlardan istifadə edərək qanunsuz əməllərini davam etdirir və onların nəticələrini hər vasitə ilə qoruyub saxlamağa çalışır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbul edilməsinə baxmayaraq, bu qərarların icrası uzun müddət təmin olunmadı. Təxminən üç onillik ərzində beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzə sözdə dəstək ifadə edilsə də, həmin hüququn bərpasına gətirib çıxaracaq konkret və təsirli tədbirlər görülmədi. Bu reallıqda da Ermənistan rəhbərliyində işğalçılıq siyasətini davam etdirməyə yönələn arxayınlaşmanın yarandığını gördük. Ermənistanın üç keçmiş prezidentinin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına davam edildi. Soydaşlarımız məcburi köçkünə çevrildi. Yaşayış məntəqələrimiz dağıdıldı, xalqımıza qarşı bənzəri görünməmiş cinayətlər törədildi. Xocalı soyqırımı, mülki əhaliyə qarşı törədilən cinayətlər, flora və faunaya ziyan vurulması istiqamətində atılan addımlar, mədəni irsimizin qəsdən məhv edilməsi uzun müddət həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi idi. Bu siyasətin ayrı-ayrı istiqamətlərinin bir-biri ilə əlaqəli olması danılmaz reallıq idi.
2018-ci ildə hakimiyyətə gələn Paşinyan öz sələflərindən fərqli addımlar atmadı, baxmayaraq ki, müəyyən ümidlər formalaşmışdı. Əvvəlki siyasi kursu davam etdirən Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını verməklə prosesə fundamental zərbə vurdu. Dövrün müdafiə naziri tərəfindən "yeni ərazilər uğrunda yeni müharibə" çağırışı edildi. Bu isə ondan xəbər verirdi ki, məsələni həll etmək əvəzinə, onun arealını genişləndirmək, regiona digər aktorları da cəlb etmək istəyirlər. Şübhəsiz ki, bu cür açıqlamalar Ermənistanın kimlərəsə güvəndiyindən xəbər verirdi. Həmin himayədarlar beynəlxalq hüququ pozmaqla Ermənistanda təhlükəli düşüncəni daha da möhkəmləndirirdilər. Bu da beynəlxalq hüquqa, beynəlxalq təşkilatlara qarşı münasibətdə dərun boşluqlar yaradırdı. Azərbaycan keçmişdə qalan ATƏT-in Minsk Qrupunun üzərinə düşən məsələni özü həll etdi və 2020-ci ildə beynəlxalq hüquqla tanınan ərazilərimiz 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edildi. 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatları ilə suverenliyimiz tam bərpa edildi. Azərbaycan beynəlxalq təşkilatların onilliklər ərzində həyata keçirə bilmədiyi qərarları icra etməklə, əslində, beynəlxalq hüququn norma və prinsiplərinin necə tətbiq olunması ilə bağlı nümunə ortaya qoydu. Bu baxımdan, əldə etdiyimiz nəticəni yalnız siyasi qələbə və ya hərbi uğur kimi məhdudlaşdıra bilmərik. Bu, beynəlxalq hüququn norma və prinsiplərinin, onun tələblərinin real siyasi gündəlikdə təmin edilməsi idi. İllər ərzindəki durum isə beynəlxalq hüquqla real siyasi vəziyyət arasındakı uyğunsuzluğun göstəricisi kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin Avropa Şurası və Avropa Parlamentini beynəlxalq münasibətlər sistemində anaxronizm və atavizmin təzahürləri kimi səciyyələndirməsi də məhz bu reallıqlar fonunda dəyərləndirilməlidir. Elə indi də Avropa institutlarının Azərbaycana qarşı ittihamlar səsləndirməsi və müəyyən üsul və metodlara əl atması onların vaxtilə tutduqları yolun davam etdirildiyindən xəbər verir. Deməli, dövlətlərə münasibətdə beynəlxalq hüququn tətbiqi baxımından selektiv yanaşma mövcuddur. Bu isə, şübhəsiz ki, həmin təsisatlara olan etimada təsir göstərir. Məhz buna görə də bu gün dövlətlərin, ölkələrin və xalqların taleyi ilə bağlı qərarlar verən beynəlxalq təşkilatların zəifləməsi müşahidə olunur. Məhz bu kontekstdə yeni-yeni təşkilatların və təsisatların fəallaşdığının şahidi oluruq. Cənab Prezident İlham Əliyevin prosesin mahiyyətini və formasını Nürnberq tribunalı ilə müqayisə etməsi olduqca yerində idi. Hüquqi məsuliyyətin təmin olunması və tarixi ədalətin bərqərar edilməsi prinsipi hər bir dövrdə işlək mexanizmə malik olmalıdır. Beynəlxalq təşkilatlar bu cür davam edərsə, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqinə bu cür yanaşılarsa belə problemlər nəinki həll edilməmiş qalacaq, hətta yeni-yeni problemlər üzə çıxacaq. Buna görə də Azərbaycan Lideri sadəcə Azərbaycanın yaxın tarixinə diqqət çəkmədi mövcud reallıqda gələcəkdə baş verə biləcək hadisələrin yaşanmaması üçün işlək mexanizmin vacibliyi üzərində dayandı. Hansısa qətnamələrin qəbulu kifayət deyil. Azərbaycan Lideri işlək universal mexanizmlərin yaradılmasının zərurəti mesajını bu dəfə də paytaxt Bakıdan dünyaya çatdırdı".


