Son illərdə tikintisi davam edən yaşayış binalarından mənzil almağa maraq artıb. Belə mənzillər adətən daha münasib qiymətə və hissə-hissə ödəniş imkanları ilə təklif olunduğundan alıcılar üçün cəlbedici görünür. Bununla belə, tikintinin gecikməsi, layihənin tamamlanmaması, sənədləşmə problemləri və ya bazar qiymətlərindəki dəyişikliklər bu cür alışları müəyyən risklərlə də müşayiət edə bilir.
Belə mənzil alarkən alıcı ilk növbədə hansı məqamlara diqqət etməlidir?
Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, yeni tikilən binalara maraq təkcə son illərin tendensiyası deyil:

"1990-cı illərin sonlarından etibarən mənzil bazarında alıcıların ən çox diqqət göstərdiyi mərhələlərdən biri binaların layihələndirilməsi və qazıntı (katlavan) işlərinin aparıldığı dövr olub. Bu, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində həm yaşayış, həm də investisiya məqsədilə mənzil almağın sərfəli modellərindən biri hesab olunur. Təməldən mənzil almağın bu dərəcədə cəlbedici olmasının üç əsas səbəbi var. Kəskin qiymət fərqi və yüksək gəlirlilik. Bünövrə mərhələsindəki mənzillərin qiyməti ilə binanın tam təhvil verildiyi dövrdəki qiymətlər arasında ciddi fərq yarana bilir. Son illərin bazar göstəriciləri göstərir ki, ümumi inflyasiya və tikinti xərclərinin artması fonunda üç il əvvəl təməldən mənzil alan vətəndaşların əmlakının dəyərində bəzi ərazilərdə 100 faizə yaxın artım qeydə alınıb. Tikintinin ilkin mərhələsində alıcılar daha geniş seçim imkanına malik olurlar. Günəş işığı alan, yaxşı mənzərəsi və havalandırması olan, optimal planlaşdırılan və sahə itkisi minimuma endirilən mənzillər adətən ilk satılanlar sırasında olur. Tikinti başa çatmağa yaxınlaşdıqca isə seçim imkanları daralır və əsasən yerləşməsi və planlaşdırılması baxımından daha az əlverişli mənzillər qalır. Məsələn, 16 mərtəbəli yaşayış binasının tam tikintisi orta hesabla 30–36 ay çəkə bilər. Tikinti şirkəti üçün kommersiya banklarından yüksək faizlə kredit götürməkdənsə, alıcılara 30, 36, hətta 40 aylıq faizsiz daxili hissə-hissə ödəniş imkanı yaratmaq daha sərfəli ola bilər. Vətəndaşın təcili mənzil ehtiyacı yoxdursa, bu imkan onun üçün də əlverişli maliyyə mexanizminə çevrilə bilər".
Ekspertin fikrincə, əvvəlki illərdə alıcıları ən çox narahat edən məsələlərdən biri eyni mənzilin bir neçə şəxsə satılması, yəni ikili və ya üçlü satış halları idi:
"Qeyd etmək lazımdır ki, son dörd ildə dövlət nəzarətinin gücləndirilməsi, hüquqi islahatlar və vahid reyestr mexanizmlərinin tətbiqi nəticəsində bu problemin faktiki olaraq aradan qaldırıldığı və minimum səviyyəyə endiyi bildirilir. Hazırda əsas risklərdən biri tikinti müddətində gecikmələrin baş verməsidir. Alıcılar bu məsələdə müəyyən reallıqları nəzərə almalıdırlar. Adi bir ailənin ikiotaqlı mənzilin təmirini iki ay ərzində başa çatdırmaq planı dörd aya qədər uzana bilirsə, 16 mərtəbəli böyük bir yaşayış kompleksinin tikintisinin də nəzərdə tutulan 30 ay əvəzinə 36 və ya 40 aya başa çatması mümkündür. Xüsusilə şəhər mərkəzində ağır texnikanın hərəkətinə qoyulan məhdudiyyətlər, logistika çətinlikləri və ərazidə köçürmə işlərinin aparılması tikintidə bir neçə aylıq gecikmələrə səbəb ola bilər. Tikintinin gecikməsi nəticəsində yarana biləcək problemlərin qarşısını almaq və layihənin yarımçıq qalması riskini azaltmaq üçün alıcı iki əsas istiqamətdə araşdırma aparmalıdır. İnşaat şirkətinin fəaliyyəti və əvvəlki layihələri araşdırılmalıdır. Şirkətin indiyədək inşa etdiyi yaşayış kompleksləri barədə məlumat toplamaq vacibdir. Əvvəlki binalar vaxtında təhvil verilibmi? Onlar qaz, su və elektrik şəbəkələrinə daimi qoşulubmu? Ən əsası, sakinlər mənzillərinə vaxtında çıxarış ala biliblərmi? Şirkətin əvvəlki fəaliyyəti və bazardakı reputasiyası seçim zamanı mühüm meyarlardandır. Tikinti icazələri rəsmi dövlət portalları vasitəsilə yoxlanılmalıdır. Şirkətin şifahi vədləri ilə kifayətlənmək olmaz. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq reyestri və ya "Bir pəncərə" sistemi vasitəsilə tikinti aparılan torpağın təyinatını, müvafiq icazələrin olub-olmadığını və hansı şirkətin adına verildiyini, təsdiqlənmiş layihədə nəzərdə tutulan mərtəbə və mənzil sayını, eləcə də binanın baş planını yoxlamaq mümkündür. Bu araşdırma alıcıya vəd edilən infrastrukturun və binanın təsdiqlənmiş layihəyə uyğunluğunu əvvəlcədən qiymətləndirməyə kömək edir. Müvafiq hüquqi icazələri olan və bazarda uğurlu fəaliyyət tarixi ilə seçilən şirkətlərin tikintinin ilkin mərhələsində satışa çıxardığı mənzilləri almaq həm büdcəyə qənaət etmək, həm də gələcəkdə əmlakın dəyərinin artımından faydalanmaq baxımından sərfəli seçim ola bilər. Bununla belə, qərar verməzdən əvvəl şirkətin etibarlılığını, tikinti sənədlərini və müqavilə şərtlərini diqqətlə yoxlamaq vacibdir".


