Xarici ölkələrə səyahət etmək istəyənlərin qarşılaşdığı əsas çətinliklərdən biri aviabilet, hotel və digər gündəlik xərclərin yüksək olmasıdır. Lakin düzgün planlaşdırma və qənaət üsulları ilə səyahət büdcəsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Bəs xaricə daha ucuz səyahət etməyin yolları hansılardır, aviabiletləri nə vaxt almaq daha sərfəlidir və hansı xərclərdən qənaət etmək olar?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, xaricə daha az büdcə ilə səyahət etmək üçün əsas məsələ təkcə ucuz aviabilet tapmaq deyil, səfərin bütün xərclərini birlikdə planlaşdırmaqdır.

Onun sözlərinə görə, aviabilet, baqaj, hotel, transfer, şəhərdaxili nəqliyyat, qidalanma, sığorta və digər əlavə ödənişlər ümumi büdcəyə daxil edilməlidir:
"Bəzən ilkin mərhələdə ucuz görünən təklif sonradan əlavə xidmətlər hesabına daha baha başa gəlir. Aviabiletlə bağlı bütün istiqamətlər üçün keçərli olan vahid "ən yaxşı gün" və ya "ən yaxşı bron müddəti" yoxdur. Beynəlxalq araşdırmalar göstərir ki, optimal bron müddəti bazara və marşruta görə ciddi şəkildə dəyişir. Məsələn, Expedia-nın Airlines Reporting Corporation (ARC) və Official Airline Guide (OAG) məlumatları əsasında hazırladığı 2025-ci il hesabatlarında ABŞ bazarı üçün beynəlxalq uçuşlarda 18–29 gün, Böyük Britaniya üçün 13–21 gün, Almaniya üçün təxminən 6–7 həftə, BƏƏ bazarında isə 6–12 gün kimi fərqli nəticələr əldə olunub. Bu da göstərir ki, "bileti mütləq filan gün və ya filan qədər əvvəl almaq lazımdır" kimi universal qaydalar etibarlı deyil.
Daha praktik yanaşma səfərin tarixi məlum olan kimi qiymətləri izləməyə başlamaqdır. Google Flights, Skyscanner, KAYAK, Expedia kimi sistemlərdə, həmçinin aviaşirkətin öz rəsmi saytında qiymətləri müqayisə etmək, qiymət bildirişi funksiyalarından istifadə etmək məqsədəuyğundur. Əsas məqsəd konkret platformaya üstünlük vermək deyil, bir neçə mənbə üzrə qiymət dinamikasını müqayisə etməkdir.
Ən ciddi qənaət imkanlarından biri tarixlərdə çeviklikdir. Gediş və dönüşü bir neçə gün dəyişmək, həftəsonu ilə həftəiçi tarixləri müqayisə etmək, birbaşa və transferli reyslərə, eləcə də alternativ hava limanlarına baxmaq qiymətdə nəzərəçarpacaq fərq yarada bilər. KAYAK-ın çevik tarix funksiyası da seçilmiş tarixdən əvvəl və sonra 3 gün üzrə qiymətləri müqayisə etməyə imkan verir.
"Low-cost" aviaşirkətin bileti də avtomatik olaraq ən ucuz seçim demək deyil. Baqaj, oturacaq seçimi, hava limanında qeydiyyat, yemək və digər xidmətlər ayrıca ödənişlidirsə, yekun məbləğ ənənəvi aviaşirkətin tarifinə yaxınlaşa, hətta onu keçə bilər. Ona görə müqayisə ilkin qiymətə deyil, bütün zəruri xidmətlər daxil edilmiş son məbləğə əsaslanmalıdır.
Hotellərdə də eyni prinsip keçərlidir. Yalnız otağın göstərilən qiymətinə deyil, vergilərin, şəhər rüsumunun, səhər yeməyinin, ləğvetmə şərtlərinin və digər ödənişlərin daxil olub-olmamasına baxmaq lazımdır. Eyni hoteli bir neçə rezervasiya sistemində və hotelin öz rəsmi saytında müqayisə etmək faydalıdır. Şəhərin tam mərkəzi əvəzinə metroya və ya yaxşı ictimai nəqliyyata yaxın ərazidə qalmaq da yerləşmə xərclərini azaltmağa imkan verir.
Digər qənaət imkanları hava limanından bahalı taksi əvəzinə ictimai nəqliyyatdan istifadə, yalnız zəruri baqajla səyahət, turistik zonalardakı daha bahalı iaşə obyektləri əvəzinə yerli restoran və kafelərin seçilməsi, ictimai nəqliyyat kartları, pulsuz muzey günləri və şəhər turizm kartlarının əvvəlcədən araşdırılmasıdır.
Ümumilikdə, büdcəli səyahətin əsas prinsipi "ən ucuz bileti tapmaq" deyil, səfərin ümumi maya dəyərini optimallaşdırmaqdır. Çevik tarix seçimi, əvvəlcədən monitorinq, müxtəlif satış kanallarının müqayisəsi və əlavə xərclərin əvvəlcədən hesablanması əksər hallarda daha real qənaət verir".


