Maraqlı

Gözündən diş çıxdı

Gözündən diş çıxdı

Hindistanda 16 yaşlı yeniyetmənin göz yuvasında tam formalaşmış diş aşkarlanıb. Həkimləri təəccübləndirən nadir hadisə tibbi müayinələr zamanı üzə çıxıb.

Demokrat.az xəbər verir ki, yeniyetmə sol gözünün yuxarı qapağında ağrısız şişkinlik yarandıqdan sonra xəstəxanaya müraciət edib.

Müayinə zamanı onun göz qapağında sərt və ağ rəngli iki çıxıntı aşkarlanıb. Kompüter tomoqrafiyası nəticəsində çıxıntıların göz yuvasında yerləşən və tam formalaşmış köpək dişinə aid olduğu müəyyən edilib.

Həkimlər əvvəlcə diş, sümük və saç kimi müxtəlif toxumaları özündə birləşdirə bilən nadir şiş növündən teratomadan şübhələniblər. Lakin cərrahi müdaxilə zamanı çıxarılan dişin bu şişlə əlaqəli olmadığı müəyyənləşib. Nəticədə vəziyyət normal yerləşməli olduğu yerdən kənarda dişin inkişaf etməsi ektopik diş kimi qiymətləndirilib.

Mütəxəssislərin bildirdiyinə görə, dişlərin qeyri-adi nahiyələrdə inkişaf etməsinə nadir hallarda rast gəlinir. Lakin bu hadisəni fərqləndirən əsas məqam dişin göz yuvasının yuxarı hissəsində yerləşməsidir.

Hadisə ilə bağlı tibbi hesabatın müəlliflərindən olan doktor Meghana Tanwar bildirib ki, onların məlumatına görə, göz yuvasının yuxarı hissəsində bu cür ektopik dişin aşkarlanması ilk belə haldır.