Özəl Cəmiyyət

Yenidən ailə qurmaq alimenti ləğv edir? — Vəkil açıqladı

Yenidən ailə qurmaq alimenti ləğv edir? — Vəkil açıqladı

Azərbaycanda aliment öhdəlikləri ilə bağlı mübahisələr zamanı tərəflərdən birinin yenidən ailə qurması bir sıra suallar doğurur. Xüsusilə aliment ödəyən şəxsin və ya uşağın yanında yaşayan valideynin yeni nikaha daxil olmasının alimentin məbləğinə və ödənilməsi qaydasına təsir edib-etməyəcəyi maraq doğurur.

Bəs tərəflərdən biri yenidən ailə qurduqda alimentin məbləği dəyişdirilə bilərmi? Aliment ödəyən şəxs bu səbəbdən ödənişdən imtina edə bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Babək Həmidov bildirib ki, alimentlə bağlı məhkəmə qərarı tərəflərdən birinin yenidən ailə qurması və ya uşağın yanında yaşayan valideynin maddi vəziyyətinin yaxşılaşması səbəbindən avtomatik olaraq ləğv edilə və ya dəyişdirilə bilməz.

Yenidən ailə qurmaq alimenti ləğv edir? — Vəkil açıqladı

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, valideynlərin uşağın saxlanılması və maddi təminatı ilə bağlı öhdəlikləri mövcuddur:

"Bu öhdəlik uşaq 18 yaşına çatanadək davam edir. Uşağın yanında yaşadığı valideynin maddi vəziyyəti, ailə şəraiti, aylıq gəliri və qazancı aliment öhdəliyinin aradan qalxması üçün əsas hesab edilmir. Yəni uşağa gündəlik qulluq edən və onu saxlayan valideynin kifayət qədər gəlirinin olması digər valideyni aliment ödəmək vəzifəsindən azad etmir. Hər iki valideyn uşağın maddi təminatında iştirak etməlidir və bu məsuliyyət onların valideynlik vəzifələrindən irəli gəlir.

Alimentin məbləğinin dəyişdirilməsi və ya aliment öhdəliyinə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda mümkündür. Belə hallarda məsələ müvafiq hüquqi qaydada qiymətləndirilməli və zərurət yarandıqda məhkəməyə müraciət edilməlidir. Sadəcə uşağın yanında qalan valideynin maddi durumunun yaxşı olması və ya ailə vəziyyətinin dəyişməsi aliment qərarının avtomatik olaraq ləğv edilməsi üçün kifayət etmir".