Azərbaycanda daşınmaz əmlak bazarında son zamanlar qiymətlərin bahalaşması diqqət çəkir. Mənzil bazarındakı bu artım dalğası kommersiya təyinatlı qeyri-yaşayış sahələrinə də sıçrayır.
Yaşayış sahələrinin dəyər qazanması icarəyə verilən obyektlərin qiymətinə də birbaşa təsir göstərir. Yaxın gələcəkdə kommersiya obyektlərinin aylıq icarə haqqının qalxacağı gözlənilir. Bu prosesə təsir edən bir neçə mühüm faktor var.
Demokrat.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirovun sözlərinə görə, Azərbaycanda daşınmaz əmlak sektoru tələb və təklif qanunları ilə idarə olunur. Oxşar tendensiya dünya ölkələrində də müşahidə edilir.

"İstər satış, istərsə də kirayə bazarında əmlaka tələbat artdıqda qiymətlər yüksəlir, təklif çoxaldıqda isə aşağı düşür. Bunun əsas səbəbi satıcılar arasında rəqabətin yaranmasıdır. Belə ki, real alıcı və ya kirayəçi cəlb etmək istəyən satıcılar qiymətləri aşağı salmağa məcbur olurlar. Nəticədə rəqabət güclənir və qiymətlər enir. Bu baxımdan, əmlak bazarı əsasən özünütənzimləmə mexanizmi ilə işləyir. 2019-cu ildən başlayaraq həm satış, həm də kirayə bazarında hər il müxtəlif faiz dərəcələrində qiymət artımları müşahidə olunur və bu tendensiya hazırda da davam edir. Bahalaşmanın əsas səbəblərindən biri tələbatın yüksək olmasıdır. Digər mühüm amil isə yeni tikilən binalarda istifadə olunan tikinti materiallarının qiymətinin artmasıdır. Materialların bahalaşması tikinti xərclərinə, bu da öz növbəsində yeni mənzillərin qiymətlərinə təsir göstərir. Yeni tikililərdə qiymətlərin yüksəlməsi digər kateqoriyalara aid mənzillərin də bahalaşmasına səbəb ola bilir. Ticarət obyektlərinin satış və kirayə qiymətlərində də artım qeydə alınır. Lakin bu artım yaşayış evləri ilə müqayisədə daha aşağı səviyyədədir. Həm mənzillərin, həm də ticarət obyektlərinin qiymətləri hər il müəyyən dərəcədə yüksəlsə də, yaşayış sahələrində bahalaşma daha sürətli gedir".
Anar Nəsirov əlavə edib ki, bunun əsas səbəbi yaşayış evlərinə və kirayə mənzillərə tələbatın ticarət obyektləri ilə müqayisədə daha yüksək olmasıdır:
"Ticarət obyektlərinin qiymətlərində də artım müşahidə edilir, lakin bu, istər satış, istərsə də kirayə bazarında mənzillərlə müqayisədə daha zəifdir. Ümumilikdə, tikinti materiallarının qiymətindəki artım yeni tikilən binaların maya dəyərinə birbaşa təsir edir. Yeni mənzillərin bahalaşması isə bazardakı digər yaşayış sahələrinin qiymətlərinin də yüksəlməsinə zəmin yaradır. Beləliklə, həm yaşayış evlərində, həm də ticarət obyektlərində satış və kirayə qiymətlərinin artması davam edir. Ancaq mənzillərdə bu proses daha sürətli və nəzərəçarpan xarakter daşıyır. Qiymət artımlarının nə vaxta qədər davam edəcəyini isə konkret söyləmək çətindir. Çünki əmlak bazarı tələb və təklif əsasında formalaşır və qiymətlərin gələcək dinamikasını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil. Bu səbəbdən həm satış, həm də kirayə qiymətlərindəki artımın nə zaman dayanacağını qəti şəkildə demək çətindir".


