Bəzi hallarda sürücülər öz avtomobillərinə aid olmayan cərimə və cərimə balları ilə qarşılaşa bilirlər. Məsələn, avtomobilin dövlət qeydiyyat nişanı 99 seriyası ilə olduğu halda, sistemdə 90 seriyalı başqa nəqliyyat vasitəsinə aid cərimənin əks olunması sual yaradır.
Sürücü belə halda cəriməyə və ona yazılan bala necə etiraz edə bilər?
Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, belə hallarda sistemdə adətən bir neçə görüntü olur və avtomobilin dövlət qeydiyyat nişanı daha yaxın planda da əks olunur:

“Bu səbəbdən nömrənin səhv oxunması və ya başqa avtomobilə aid məlumatın sistemə düşməsi kimi halların texniki səbəbdən baş verməsi mümkündür. Əgər hər hansı sistem xətası nəticəsində sürücüyə aid olmayan cərimə formalaşıbsa, sürücü məlumatı aldığı platforma, məsələn, “ASAN Pay” və ya digər müvafiq elektron sistem üzərindən dərhal etirazını bildirə bilər. Müraciətdə qeyd edə bilər ki, cərimədə göstərilən dövlət qeydiyyat nişanı ona məxsus deyil, yaxud görüntüdəki avtomobil onun avtomobili deyil və digər uyğunsuzluqlar mövcuddur”.
Ekspert əlavə edib ki, belə bir uyğunsuzluq aşkarlandıqda məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət göndərilə bilər:
“Əgər təqdim olunan görüntülər və məlumatlar cərimənin həmin avtomobilə aid olmadığını təsdiqləyirsə, bu halda cərimənin ləğv edilməsi və ya ona xitam verilməsi üçün əsas yaranır. Yəni sürücünün əsas vəzifəsi səhvliyi vaxtında müəyyənləşdirərək müvafiq elektron platforma və ya aidiyyəti qurum vasitəsilə etirazını bildirməkdir”.


