Sağlamlıq Özəl

7 günə arıqlamaq istəyənlər üçün pəhriz proqramları

7 günə arıqlamaq istəyənlər üçün pəhriz proqramları

Yeni mövsüm və ya xüsusi günlər ərəfəsində artıq çəkidən qurtulmaq və daha formada görünmək istəyənlərin sayı artır. Lakin qısa müddətdə çəki itirmək üçün tətbiq edilən sərt pəhrizlər sağlamlıq üçün risk yarada bilər.

Demokrat.az sürətli arıqlama ilə bağlı məşhur pəhriz proqramlarını təqdim edir.

1. Bədəni pəhrizə hazırlamaq

Sərt pəhrizə başlamazdan əvvəl kifayət qədər su qəbul etmək, rasiona tərəvəz, alma və azyağlı kefir kimi yüngül qidalar əlavə etmək tövsiyə olunur. Un və şirniyyat məmulatlarının, həmçinin yüksək kalorili qidaların qəbulunu azaltmaq vacibdir.

2. 7 günlük sərt pəhriz

Sürətli çəki itkisinə yönələn bəzi pəhriz proqramlarında hər gün məhdud sayda məhsuldan istifadə edilir:

1-ci gün: 5 ədəd suda bişirilmiş kartof; 2-ci gün: 100 qram yağsız, suda bişirilmiş toyuq filesi; 3-cü gün: 100 qram suda bişirilmiş mal və ya qoyun əti; 4-cü gün: 100 qram suda bişirilmiş balıq; 5-ci gün: Banan və üzüm istisna olmaqla, təxminən 1,5 kiloqram meyvə və tərəvəz; 6-cı gün: Gün ərzində ümumilikdə 2 litr kefir; 7-ci gün: Qazsız mineral su.

3. Qarabaşaq pəhrizi

Populyar üsullardan biri də qarabaşaq pəhrizidir. Bu rejimdə duz, şəkər və yağ əlavə edilmədən hazırlanan qarabaşaqdan istifadə olunur.

Bir stəkan qarabaşağın üzərinə axşamdan qaynar su tökülür və səhərə qədər saxlanılır. Hazırlanan qarabaşaq gün ərzində kiçik porsiyalarla qəbul edilir. Bəzi proqramlarda əlavə olaraq azyağlı qatıq və ya kefir içilməsinə icazə verilir.

4. Qarpız pəhrizi

Qarpızın tərkibindəki yüksək su miqdarı və sidikqovucu təsiri səbəbindən bəzi insanlar onu qısa müddətli pəhrizlərdə istifadə edirlər. Belə rejimlərdə səhər yüngül sıyıq və ya tərəvəz, naharda isə suda bişirilmiş ət və ya balıq qəbul edilir. Axşam əsasən qarpız yeyilir.

Mütəxəssis xəbərdarlığı

Sürətli çəki itkisinə səbəb olan bu cür sərt pəhrizlər hər kəs üçün uyğun deyil. Belə proqramlar qida çatışmazlığına və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də pəhrizə başlamazdan əvvəl həkim və ya dietoloqla məsləhətləşmək, xüsusilə xroniki xəstəliyi olan şəxslərin isə mütəxəssis nəzarəti olmadan sərt pəhriz tətbiq etməməsi tövsiyə olunur.

Jalə Demokrat.az

D
demokrat.az