Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
*** 18:54
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
Demokrat.az


