Sağlamlıq Özəl

İdmanla məşğul olanlarda dəri çatları niyə yaranır — Həkim açıqladı

İdmanla məşğul olanlarda dəri çatları niyə yaranır — Həkim açıqladı

İdmanla mütəmadi məşğul olan, xüsusilə qısa müddətdə əzələ kütləsini artıran gənclərdə dəridə çatların yaranmasına tez-tez rast gəlinir. Əzələ və bədən ölçülərinin sürətlə dəyişməsi dərinin elastikliyinə təsir göstərərək müxtəlif nahiyələrdə çatların meydana çıxmasına səbəb ola bilər.

Bəs idmanla məşğul olan gənclərdə dəri çatlarının yaranmasına hansı amillər təsir edir və onların qarşısını almaq mümkündürmü?

İdmanla məşğul olanlarda dəri çatları niyə yaranır — Həkim açıqladı

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dermatoveneroloq Kənan Əhmədov bildirib ki, qarın, bud, qol və çiyinlərdə yaranan bu çatlara tibbi dildə striya deyilir.

Onun sözlərinə görə, striyalar əsasən dərinin sürətlə dartılması və elastikliyinin azalması ilə əlaqədar yaranır:

“Bu hal daha çox hamilə qadınlarda, yeniyetməlik dövründə olan oğlan və qızlarda, eləcə də idmanla məşğul olan və qısa müddətdə əzələ kütləsini artıran insanlarda müşahidə edilir.

Hamiləlik zamanı qarın və digər nahiyələrdə dərinin sürətlə gərilməsi striyaların yaranmasının əsas səbəblərindən biridir. Yeniyetməlik dövründə isə boy və bədən quruluşunun sürətlə dəyişməsi, çəki dəyişiklikləri bu çatların meydana gəlməsinə səbəb ola bilər. İdmanla məşğul olan insanlarda, xüsusilə əzələ kütləsinin qısa müddətdə artdığı hallarda, dərinin dartılması nəticəsində çiyin, qol və digər nahiyələrdə striyalar yarana bilər.

Bundan əlavə, hormonal dəyişikliklər və bəzi hallarda kortizol səviyyəsinin yüksəlməsi də dərinin elastikliyinə təsir göstərərək striyaların yaranmasına şərait yarada bilər. Genetik meyillilik də burada mühüm rol oynayır. Yəni eyni çəkidə artım və ya eyni fiziki dəyişiklik bir insanda striya yarada bildiyi halda, digərində yaranmaya bilər.

Müalicəyə gəldikdə isə striyaların tamamilə yox edilməsi hər zaman mümkün olmur. Erkən mərhələdə, yəni çatlar hələ yeni və qırmızı-bənövşəyi rəngdə olduqda, dermatoloqun məsləhəti ilə müxtəlif yerli vasitələrdən istifadə müəyyən qədər faydalı ola bilər. Daha köhnə və ağ rəngli striyalarda isə lazer və digər dermatoloji prosedurlar striyaların görünüşünü müəyyən qədər azalda bilər.

Əsas məsələ isə striyaların yaranmasının qarşısını mümkün qədər almaqdır. Bunun üçün çəki dəyişikliklərinin tədricən olması, dərinin nəmləndirilməsi və balanslı qidalanma striyaların yaranmasının qarşısını almağa kömək edə bilər. Xüsusilə sürətli arıqlama və ya qısa müddətdə əzələ kütləsinin artırılması dərinin daha çox dartılmasına səbəb ola bilər”, – deyə Kənan Əhmədov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az