Hollivudun məşhur aktyoru Bred Pit Ancelina Coli ilə ayrıldıqdan sonra yaşadığı ağır psixoloji dövr barədə ilk dəfə bu qədər açıq danışıb.
Demokrat.az xəbər verir ki, 62 yaşlı aktyor “Esquire” jurnalına müsahibəsində ailə problemləri ilə mübarizə apardığı bir vaxtda intihar düşüncələrinin ağlına gəldiyini etiraf edib.
Pit bildirib ki, həyatıboyu belə fikirlərlə qarşılaşmayıb. Onun sözlərinə görə, yalnız bir qısa dövrdə özünü çıxış yolu görmədiyi vəziyyətdə hiss edib:
"Hiss etdiyim ağrı o qədər ağır idi ki... Əslində bunu həyata keçirmək niyyətində deyildim. Amma beynimdə güllənin soyuq metalını hiss edə bilirdim. Bu, bir növ rahatlıq kimi görünürdü".
Pit həmin dövrdə intihar edən insanların nə hiss etdiyini ilk dəfə anladığını söyləyib. O, bunun ağrıdan xilas olmaq və rahatlıq tapmaq arzusu ilə bağlı olduğunu bildirib.
Aktyor eyni zamanda insanın yaşamaq instinktinin nə qədər güclü olduğunu həmin vaxt dərk etdiyini qeyd edib. Onun sözlərinə görə, bu instinkt kritik anda özündə də işə düşüb.
Bred Pit Ancelina Coli ilə münasibətləri dövründə altı övlad sahibi olub. Onlardan üçü bioloji, üçü isə övladlığa götürülüb.
Ayrılıqdan sonra aktyorun övladları ilə münasibətləri ciddi şəkildə pisləşib. Müsahibə zamanı uşaqlarının onun soyadından imtina etməsi ilə bağlı sualı isə Pit qısa şəkildə “Ailə ilə bağlı məsələlər” deyərək cavablandırıb.
Məlumata görə, Maddoks, Paks, Zahara və Şilo artıq Pitin soyadından istifadə etmir. 18 yaşına çatan Vivien də atasının soyadını istifadə etməmək üçün hüquqi addım atıb. Digər oğlu Knoksun da atası ilə münasibətlərinin yaxşı olmadığı bildirilir.
Pit və Coli 2016-cı ildə ayrıldıqdan sonra uzun və mübahisəli boşanma prosesi yaşayıblar. Aktyor həmin dövrdə uşaqlarına qarşı zorakılıq ittihamları ilə bağlı da araşdırmaya cəlb olunmuş, daha sonra ittihamlardan təmizə çıxmışdı.
Hazırda isə Bred Pitin şəxsi həyatında yeni münasibət var. Aktyor bir neçə ildir İnes De Ramonla birlikdədir.
Jalə Demokrat.az


