Toy mərasimlərində qonaqların verdiyi pulun məbləğinin qeyd edilməsi Azərbaycanda uzun illərdir davam edən sosial ənənələrdən biridir. Bəzən insanlar toy sahibinə nə qədər pul verməli olduqları barədə qərar verərkən öz maddi imkanları ilə yanaşı, əvvəlki mərasimlərdə verilən məbləğləri və qarşı tərəfin onlara nə qədər pul yazdırdığını da nəzərə alırlar. Bu isə bəzi hallarda insanların bir-biri ilə müqayisə aparmasına və toy xərclərinin müəyyən sosial təzyiq amilinə çevrilməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, bizdə toy ənənələri əsrlərdən gələn ənənədir.
Onun sözlərinə görə, bu, təkcə bizdə yox, bir çox xalqlarda da mövcuddur:
“İnsanlar özlərindən daha imkanlı, daha varlı şəxslərin məclislərinə gedərək daha çox pul verməyi həmin insana olan hörmətin göstəricisi kimi qəbul edirlər. Eyni zamanda, toy sahibi də ona verilən pulu özünə göstərilən hörmət əlaməti kimi qiymətləndirir.
Çox təəssüf ki, bu ənənədən tamamilə imtina edə biləcəyimizi düşünmürəm. Bunun dəyişməsi üçün uzun illər ərzində cəmiyyətin düşüncəsində müəyyən dəyişikliklərin baş verməsi lazımdır. İnsanlar başa düşməlidirlər ki, insanın dəyəri verilən pulun məbləği ilə ölçülməməlidir.
Bir müddət əvvəl, xüsusilə Sovet dövründə, bunun müəyyən qədər qarşısı alınmışdı. Müharibədən sonrakı dövrdə, 1950-ci illərin toylarında pul əvəzinə müxtəlif hədiyyələrin gətirildiyi hallar olurdu. Kimin nəyə imkanı çatırdısa, onu gətirirdi. Zaman keçdikcə bu ənənə zəifləsə də, sonradan pul vermək adəti yenidən geniş yayıldı və insanın dəyərinin verilən məbləğlə əlaqələndirilməsi kimi yanaşmalar da formalaşdı.
Bu gün belə halların daha çox müşahidə olunmasının səbəblərindən biri də budur. Nəticədə cəmiyyətdə müəyyən sosial fərqliliklər və müqayisələr meydana çıxa bilər.
Düşünürəm ki, bunun qarşısını tamamilə almaq mümkün olmasa da, müəyyən yanaşmalarla zamanla azaltmaq olar. Bunun üçün ilk növbədə toy sahibi özü düşünməlidir: “Mən bu toyu nə üçün edirəm?” Toyu mənfəət və ya ad-san üçün deyil, sadəcə xoşbəxt gününü doğmaları ilə bölüşmək üçün keçirmək daha məqsədəuyğundur.
Nə vaxt ki, toy sahibinin düşüncəsi bu istiqamətdə dəyişəcək, belə halların da tədricən azalması mümkündür. Əgər mən toyumu 400 nəfərlə deyil, 50 nəfərlə keçirirəmsə və yalnız ən yaxınlarımı dəvət edirəmsə, artıq kiminsə mənə nə qədər pul yazdırdığını və gələcəkdə həmin şəxsə münasibətimi verilən məbləğə uyğun dəyişməli olduğumu düşünməyə ehtiyac qalmır”, - deyə sosioloq fikrini tamamlayıb.


