Toy mövsümünün başlaması ilə qızıl və zinət əşyalarına tələbat da artır. Bu dövrdə alıcıların ən çox maraq göstərdiyi məsələlərdən biri qızılın qiyməti və bazardakı vəziyyətdir.
Toy mövsümünün başlaması qızıl bazarına necə təsir edib? Hazırda qızılın qiymətində hansı dəyişikliklər müşahidə olunur?
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinə xarici amillər daha çox təsir edir:
“Xüsusilə payız aylarında toyların sayının artacağı gözlənilir. Təbii ki, tədarük də indidən görülür və payızda qızıla olan tələbatın artacağını proqnozlaşdırmaq olar. Lakin qızılın qiymətinə təsir edən əsas amillər, hesab edirəm ki, daha çox xarici amillərdir. Dünya bazarında qızılın qiyməti artıb. Dünya təcrübəsi də göstərir ki, qiymət yüksək olsa da, qızıl üzrə ümumi dövriyyənin həcmi artıb. Ancaq bu artım əsasən qiymət yüksəlişinin hesabına baş verib. Təhlillər göstərir ki, dünya bazarında qızıla tələbat və satış nisbətən azalsa belə, qiymət artımına görə ümumi dövriyyənin həcmi yüksəlib”.
Emin Qəribli əlavə edib ki, qızılın qiymətinə təsir edən amillər sırasında, təbii ki, ABŞ-nin pul siyasəti və dünyada gedən proseslər xüsusi yer tutur:
“Xüsusilə son günlər qızılın qiymətində artım müşahidə olunur. Bu da təbii ki, bizim bazara da təsirsiz ötüşməyəcək. Qiymətlərin yüksək olması müəyyən dərəcədə tələbatın azalmasına səbəb ola bilər. Lakin reallıq ondan ibarətdir ki, qızılın qiymətinə təsir edən əsas amillər xarici amillərdir və biz də bu amillərlə hesablaşmalıyıq”.


