Cəlilabad rayonunda ər-arvadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1986-cı il təvəllüdlü Fərid həyat yoldaşı Aytən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Ailə münaqişəsi zəminində mübahisə zamanı Fərid arvadının saçından tutaraq itələyib və yumruqla ağız nahiyəsinə zərbə vurmaqla ona xəsarətlər yetirib.
Fəridə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2008-ci ildə Aytən ilə ailə həyatı qurub və birgə nikahlarından 2 övladı dünyaya gəlib:
“Mən əvvəllər onunla normal dolanmışam. Lakin bir neçə ay əvvəl spirtli içki aludəçisi olduğum üçün aramızda tez-tez mübahisələr baş verib. O, mənim barəmdə polisə də şikayət edib, nikahımızın pozulması üçün Cəlilabad Rayon Məhkəməsinə də müraciət edib”.
Təqsirləndirilən şəxs deyib ki, dolanışığını təmin etmək üçün mütəmadi olaraq Qaradağ rayonunda yerləşən daş karxanasına işləmək üçün gedib:
“Məlum hadisə günü, yaşadığı evdən daş karxanasına işləmək üçün gedən zaman arvadım ilə mehriban şəkildə vidalaşdıq. Bir neçə gün sonra, axşam saatlarında Qaradağ rayonundan yaşadığım kəndə gəldim. Həmin kənddə yerləşən mağazada spirtli içki aldım və yaşadığım evə piyada getdiyim zaman həmin içkini qəbul etdim. Yaşadığım evə sərxoş vəziyyətdə daxil oldum. Həmin zaman məni evdə qarşılayan arvadım ilə aramızda mübahisə yarandı. O, mənimlə boşanacağını dedi. Mən də əsəbiləşərək onu itələdim, üz nahiyəsindən yumruqla bir dəfə vurdum”.
Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Fərid 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli


