İqtisadiyyat Özəl

Milyardlıq artımın arxasındakı əsas gəlir mənbələri açıqlandı

Milyardlıq artımın arxasındakı əsas gəlir mənbələri açıqlandı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 55 milyard 631,8 milyon manat təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.

Bu artımın ən çox hansı sahələrdə müşahidə olunma ehtimalı var?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, nominal gəlirlərin artımının strukturuna baxanda bir neçə əsas istiqaməti qeyd etmək olar.

Milyardlıq artımın arxasındakı əsas gəlir mənbələri açıqlandı

Onun sözlərinə görə, ilk növbədə, orta aylıq əməkhaqqı artır:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əməkhaqqı ötən illə müqayisədə 7 faiz artıb. Bu, nominal gəlirlərin artımının əsas mənbələrindən biridir. İkinci istiqamət pensiyalardır. Ötən illə müqayisədə pensiyalar 9,3 faiz artırılıb. Yəni dövlət vətəndaşa əvvəlki illə müqayisədə daha çox pensiya ödəyir və bu da əhalinin nominal gəlirlərinin artımına təsir göstərir. Üçüncü mənbə sosial müavinətlərdir. Sosial ödənişlər də artırılıb. Eyni zamanda, yaşayış minimumunun yüksəldilməsi nəticəsində ünvanlı dövlət sosial yardımlarının məbləğində də artım olub. Bu istiqamətlər də əhalinin gəlirlərinin ümumi artımında müəyyən paya malikdir”.

İqtisadçı qeyd edib ki, dördüncü istiqamət depozitlərdən əldə olunan faiz gəlirləridir:

“Əhalinin banklardakı əmanətlərindən əldə etdiyi gəlirlər də nominal gəlirlərin formalaşmasında rol oynayır. Mərkəzi Bank bu istiqamətdə müvafiq statistik məlumatlar açıqlayır. Beşinci istiqamət isə sahibkarlıq və digər qeyri-əmək gəlirləridir. Mənfəət, icarə, dividend və digər gəlirlərin artması da əhalinin ümumi nominal gəlirlərinin yüksəlməsinə təsir göstərir. Ümumilikdə, əhalinin nominal gəlirlərinin strukturuna əməkhaqqı, pensiya, sosial müavinətlər, faiz gəlirləri, icarə gəlirləri, dividendlər, sahibkarlıq mənfəəti və digər gəlir mənbələri daxildir. Bu istiqamətlərin bir neçəsində artımın baş verməsi nəticəsində Dövlət Statistika Komitəsi əhalinin nominal gəlirlərinin ötən illə müqayisədə 9,8 faiz artdığını bildirir”.

Fidan Hacızadə

D
demokrat.az