Bakının Xətai rayonunda 44 yaşlı kişi tanışına ağır xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Zığ şossesi 25 ünvanında baş verib. 1982-ci il təvəllüdlü Etibar Pirəliyev olduqları evin mətbəxində sərxoş halda tanışı Georgiy Leontyev ilə mübahisə edib.
Mübahisə zamanı o, mətbəxdəki masanın üzərindən götürdüyü bıçaqla Georgiy Leontyevin döş və qarın nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.
Etibarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Etibar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü dostugildə olublar:
“Dostlarımın arasında mübahisə yarandı və Georgiy Cəmiləyə əl qaldırdı. Mən də bundan əsəbiləşərək Georgiyə qadına əl qaldırılmamalı olduğunu bildirdim və onu bıçaqladım”.
Zərərçəkmiş Georgi ifadəsində göstərib ki, hadisə günü birlikdə yemək yeyiblər:
“Həmin vaxt sevgilim Cəmilə xoşuma gəlməyən sözlər danışmağa başladı. Mən də Cəmiləni susdurmaq üçün onu vurdum. Sonra eyni qaydada yemək yeməyə davam etdik. Qəflətən Etibar mənə yan otağa gəlməyi bildirdi. Etibarla yan otağa keçdikdə isə o, məni vurdu”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar 2 il 7 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilib.
Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə Etibara təyin edilmiş cəzanın çəkilməmiş hissəsi – 2 il 7 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 2013-cü il təvəllüdlü və 2018-ci il təvəllüdlü uşaqlarının 14 yaşına çatanadək, yəni 2032-ci ilədək təxirə salınıb.
Etibarın üzərinə azyaşlı uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifəsi qoyulub. Onun göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə tapşırılıb.
Etibar barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


