Qış tədarükü görənlər üçün moruğu öz şirəsində hazırlamaq həm sadə, həm də praktik üsuldur.
Demokrat.az xəbər verir ki, bu üsulla moruğun təbii dadını qorumaq mümkündür.
Lazım olanlar: 3 kq moruq 4 stəkan şəkər tozu
Hazırlanması:
Moruqları diqqətlə təmizləyib yuyun və suyunun tam süzülməsini gözləyin. Sterilizə edilmiş 750 qramlıq bankalara moruq və şəkər tozunu növbə ilə yığın.
Bankaları təxminən 2 saat saxlayın ki, moruq öz şirəsini buraxsın.
Daha sonra bankaların qapaqlarını tam bağlamadan qazana yerləşdirin. Qazanın dibinə dəsmal sərib ilıq su əlavə edin. Su qaynadıqdan sonra bankaları 10 dəqiqə sterilizə edin.
Bankaları ehtiyatla qazandan çıxarıb qapaqlarını möhkəm bağlayın. Tərs çevirərək soyumağa qoyun.
Hazır moruğu sərin və qaranlıq yerdə, açıldıqdan sonra isə soyuducuda saxlamaq məsləhətdir.
Bu sadə üsulla hazırlanan moruq qış aylarında çay süfrəsi üçün dadlı və ətirli tədarük ola bilər.
Jalə Demokrat.az


