Bakıda qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi prosesi davam edir. Bu istiqamətdə həyata keçirilən yenidənqurma layihələri şəhərin görünüşünü dəyişməklə yanaşı, daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Xüsusilə söküntü aparılan ərazilərdə və ətraf məhəllələrdə mənzil qiymətlərinin dəyişməsi alıcı və satıcıların diqqət mərkəzindədir.
Köhnə binaların sökülməsi ətraf ərazilərdə əmlak qiymətlərinə necə təsir edir və bu proses uzunmüddətli perspektivdə bazarda hansı dəyişikliklərə səbəb ola bilər?
Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə 2016–2018-ci illərdə bu sahədə kifayət qədər uğurlu praktika tətbiq olunmuşdu:
“Həmin dövrdə Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən, pilot layihələr çərçivəsində hər bir rayonun İcra Hakimiyyəti öz ərazisində istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı tikinti şirkətlərinə müvafiq sərəncam verirdi. Nəticədə, 2016, 2017 və 2018-ci illərdə Bakı, Abşeron və Sumqayıt ərazilərində 100-dən çox yeni tikinti layihəsinə start verildi. Bu dövr Azərbaycanın tikinti və daşınmaz əmlak bazarı üçün ən fəal mərhələlərdən biri oldu. Həm bazarda ciddi canlanma yarandı, həm də istismar müddəti bitmiş köhnə binaların qısa müddətdə sökülməsi təmin edildi”.
Ekspert bildirib ki, lakin 2018-ci ilin yay aylarında səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildikdən sonra Nazirlər Kabinetinin həmin qərarı ləğv edildi:
“O vaxtdan etibarən bazarda aktivlik nəzərəçarpacaq dərəcədə azalıb. Tikinti şirkətlərinə verilən sərəncam və icazələrin sayı təxminən 10 dəfə azalıb, nəticədə qiymətlər yüksəlib, rəqabət zəifləyib və tikinti sektorunda əvvəlki dinamika demək olar ki, itib. Hazırkı vəziyyət faktiki olaraq bundan ibarətdir”.


