Türkiyəli gənc aktrisa Ülkü Hilal Çiftçi ətrafında qalmaqal yaranıb.
Demokrat.az xəbər verir ki, aktrisanın atası Ünal Çiftçi qızının rol yoldaşı Hakan Çələbi ilə münasibətdə olduğunu iddia edərək prokurorluğa müraciət edib.
Ünal Çiftçinin İstanbul Anadolu Respublika Baş Prokurorluğuna təqdim etdiyi şikayətdə bildirilib ki, 17 yaşlı qızı onun razılığı olmadan müxtəlif layihələrdə iştirak edib. O, həmçinin Hakan Çələbi ilə qızı arasında romantik münasibət olduğunu iddia edərək aktyor və aktrisanın əməkdaşlıq etdiyi OnTalent Menecerlik şirkətinin rəhbəri Gözde Yılmaz barəsində hüquqi tədbir görülməsini istəyib.
Şikayətin mediada yayılmasından sonra "OnTalent Menecerlik" yazılı açıqlama yayıb. Şirkət bəyan edib ki, azyaşlı bir aktyorun şəxsi həyatı və ailədaxili məsələlərinin ictimai müzakirəyə çıxarılması düzgün deyil. Açıqlamada Ülkü Hilal Çiftçinin bütün aktyorluq fəaliyyətinin qanuni nümayəndəsinin məlumatı və müvafiq icazələr əsasında, qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirildiyi vurğulanıb.
Şirkət səsləndirilən ittihamları qəti şəkildə rədd etdiyini və məsələ ilə bağlı hüquqi prosedura başladığını açıqlayıb.
Hadisə ilə bağlı ortaya çıxan digər məlumatlara görə, Ünal Çiftçi şikayət ərizəsində evli olduğunu bildirsə də, həyat yoldaşı Kader Çiftçinin hələ iyunun 19-da boşanma iddiası qaldırdığı məlum olub.
Boşanma ərizəsində Kader Çiftçi həyat yoldaşını xəyanətdə ittiham edib, səs yazıları, telefon və mesaj qeydlərinin araşdırılmasını tələb edib. O, həmçinin qızının aktyorluq fəaliyyətindən əldə olunan gəlirlərin yerləşdiyi bank hesablarının Ünal Çiftçinin nəzarətində olduğunu və həmin vəsaitlərdən onun istifadə etdiyini iddia edib. Ana hesabların araşdırılmasını, eləcə də övladlarının qəyyumluğunun özünə verilməsini istəyib.
Hazırda tərəflər arasında hüquqi proses davam edir və irəli sürülən iddialarla bağlı rəsmi məhkəmə qərarı yoxdur.
Jalə Demokrat.az


