İş adamı Hakan Demirağın kiçik oğlu Ata Demirağ və gəmi brokeri Rana Akdağ İtaliyanın məşhur turizm məkanlarından biri olan Komo gölündə təşkil edilən möhtəşəm mərasimlə evlənib.
Demokrat.az xəbər verir ki, üç gün davam edən toy tarixi məkanları, xüsusi qonaqları və təxminən 3 milyon avro olduğu iddia edilən xərci ilə cəmiyyət həyatının ən çox müzakirə olunan tədbirlərindən birinə çevrilib. Toyun bütün detalları “Günaydın” qəzetinin yazarı Bülent Cankurt tərəfindən qələmə alınıb.
“2021-ci ilin fevralında böyük oğlu Kaan Demirağın və gəlini Aslışah Alkoçlar Demirağın toy sevincini yaşayan məşhur iş adamı Hakan Demirağ bu həftəsonu da kiçik oğlunu evləndirdi”, deyə məqalədə qeyd olunur.
Məlumata görə, Hakan Demirağ kiçik oğlu üçün böyük miqyaslı toy təşkil edib. Ata Demirağın gəmi brokeri Rana Akdağ ilə nikah mərasimi dünya jet-set nümayəndələrinin İtaliyadakı sevimli istirahət məkanlarından biri olan Komo gölündə keçirilib.
Türkiyədən və xaricdən qonaqların qatıldığı toy cümə günü başlayıb və bazar günü başa çatıb. İlk tədbir cümə axşamı Komonun ən məşhur otellərindən biri olan “Villa d’Este”də təşkil olunub.
Əsas toy mərasimi isə ertəsi gün Komo gölünün sahilində yerləşən, XVII əsrə aid zadəgan iqamətgahı və botanika bağı olan “Villa Pizzo”da keçirilib. Dekorasiyadan tutmuş yeməklərə, əyləncə proqramından atəşfəşanlığa qədər bütün detalları ilə diqqət çəkən toy geniş müzakirə olunub.
Məqalədə qeyd edilir ki, belə möhtəşəm tədbir üçün Hakan Demirağın təxminən 3 milyon avro xərclədiyi iddia olunur. Bu məbləğ hazırkı məzənnə ilə təxminən 165 milyon Türkiyə lirəsinə uyğun gəlir.
“Düşünürəm ki, bu toy bu yay cəmiyyət həyatında ən çox danışılan tədbirlərdən biri olacaq”, deə Bülent Cankurt yazıb və Rana Akdağ ilə Ata Demirağa ömürlük xoşbəxtlik arzulayıb.
Məqalədə həmçinin Hakan Demirağın böyük oğlu Kaan Demirağın Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlar ilə Beşiktaşda yerləşən beşulduzlu oteldə daha sadə toy mərasimi ilə evləndiyi xatırladılıb. Pandemiya səbəbindən həmin mərasimə məhdud sayda qonaq qatılıb.




Jalə Demokrat.az


