Azərbaycanda ailələrin maddi vəziyyəti ilə uşaq sayı arasındakı əlaqə son dövrlər yenidən müzakirə mövzusuna çevrilib. Bəzi müşahidələr göstərir ki, bəzi hallarda aztəminatlı ailələrdə uşaqların sayı daha çox olduğu halda, yüksək gəlirli ailələr daha az uşaq sahibi olmağa üstünlük verirlər.
Bu fərqin arxasında hansı sosial, iqtisadi və psixoloji amillər dayanır? Ailənin gəlir səviyyəsi uşaq sayına nə dərəcədə təsir göstərir? Bu tendensiya gələcəkdə Azərbaycanın demoqrafik vəziyyətinə və əhali artımına necə təsir göstərə bilər?
Bu barədə sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda əhali artım tempində azalma müşahidə olunur və bu tendensiya davam edərsə, təxminən 20–30 ildən sonra ölkədə demoqrafik problemlər yarana bilər.

Onun sözlərinə görə, işçi qüvvəsinin azalması, pensiya yaşına çatanların sayının artması və bunun dövlətin sosial yükünə təsir göstərməsi ehtimal edilir:
“Bu istiqamətdə indidən müəyyən tədbirlərin görülməsi məqsədəuyğun ola bilər. Bunun müxtəlif səbəbləri var. Təkcə sosial-iqtisadi amillər deyil. Əgər məsələ yalnız bununla bağlı olsaydı, yüksək gəlirli ailələrdə daha çox uşaq olardı. Bu isə səbəblərdən yalnız biridir.
Digər səbəb ailələrin həyat tərzinin və həyata baxışının dəyişməsidir. Məsələn, əvvəllər repetitor xərci ailə büdcəsində yox idi. İndi isə ailələr uşaqlarını məktəbdən əlavə hazırlıq kurslarına da göndərirlər ki, universitetə qəbul ola bilsinlər. Bu da əlavə maliyyə yükü yaradır. Bundan başqa, əvvəllər bu qədər dəbdəbəli həyat tərzi geniş yayılmamışdı. İndi isə insanlar daha çox belə həyat tərzinə üstünlük verir və bu da ailə xərclərinin artmasına təsir göstərir. Bununla yanaşı, ailələrin üzərinə düşən digər maliyyə öhdəlikləri də çoxalıb. Nəticədə bəzi ailələr bir, maksimum isə iki uşaqla kifayətlənməyə üstünlük verirlər. Ailələrdə ən azı üç uşağın olması gələcəkdə demoqrafik tarazlığın qorunmasına müsbət təsir göstərə bilər.
Bunu necə etmək olar? Dövlət tərəfindən təşviqedici addımların atılması faydalı ola bilər. Məsələn, üç uşaqlı ailələrə də çoxuşaqlı ailə statusunun verilməsi müzakirə oluna bilər. Hazırda Azərbaycanda çoxuşaqlı ailə meyarı beş uşaqdır. Bu meyar üç uşağa endirilsə, həmin ailələrə əlavə dövlət dəstəyi göstərilsə və uşaq pulu kimi sosial dəstək mexanizmləri tətbiq olunsa, bu tədbirlər ailələrdə uşaq sayının artmasına müsbət təsir göstərə bilər.
Bu məsələnin dövlət siyasəti baxımından diqqətdə saxlanılması və sosial dəstək tədbirlərinin genişləndirilməsi, ekspertin fikrincə, bu sahədə müsbət nəticələrin əldə olunmasına töhfə verə bilər”, - deyə ekspert fikrini tamamlayıb.


