Hər bir evdar xanım bilir ki, mətbəx dəsmalları çox tez çirkləndiyi üçün demək olar ki, tez-tez yenilənməli olan əşyalardandır. İlk baxışdan bu qəribə görünə bilər, çünki onlarla əsasən təmiz əllər silinir. Lakin parçanın yumşaqlığını və ilkin görünüşünü bərpa etmək bəzən asan olmur.
Demokrat.az xarici mediaya istinadən mətbəx dəsmallarını əvvəlki kimi ağ və təmiz etmək üçün sadə üsulu təqdim edir.
Mətbəx dəsmallarını ev şəraitində necə ağartmaq olar?
Yuyulmuş dəsmalların təmizliyini, yumşaqlığını və təravətini bərpa etməyin sadə üsullarından biri onları yuyulmadan əvvəl xüsusi məhlulda islatmaqdır.
Bunun üçün 5 litr isti suya yarım ədəd sürtgəcdən keçirilmiş təsərrüfat sabunu əlavə edin. Çirkli dəsmalları su parçanı tam örtəcək şəkildə ləyənə yerləşdirin və çirklənmə dərəcəsindən asılı olaraq 1–2 saat saxlayın. Əgər bəzi hissələr daha çox çirklənibsə, onları islatmazdan əvvəl ayrıca təsərrüfat sabunu ilə sabunlamaq tövsiyə olunur.
Bu müddət başa çatdıqdan sonra dəsmalları əllə yüngülcə ovuşduraraq qalan çirki təmizləyin. Sonra çirkli suyu boşaldın, ləyənə təmiz su doldurun, dəsmalları yenidən yerləşdirin və üzərinə bir qapaq paltar yuma geli əlavə edin. Dəsmalları bu dəfə 20–30 dəqiqə daha isladın.
Daha sonra dəsmalları paltaryuyan maşında adətən istifadə etdiyiniz proqramda yuyun. Suyun temperaturunun 60 dərəcə olması vacibdir. Daha aşağı temperatur ləkələri tam təmizləməyə bilər, çox yüksək temperatur isə parçaya zərər verə bilər.
Yuma başa çatdıqdan sonra dəsmalları maşından çıxarın, yenidən ləyənə qoyun və üzərinə isti su əlavə edin. Suda 1 xörək qaşığı limon turşusunu həll edin və dəsmalları bu məhlulda 5–10 dəqiqə saxlayın. Limon turşusu parçadakı qələvi və yuyucu vasitə qalıqlarını aradan qaldırmağa kömək edir.
Sonda dəsmalları təmiz axar su ilə yaxalayın, suyunu sıxın və təbii şəkildə və ya qurutma maşınında qurudun.
Jalə Demokrat.az


