Qırmızı və yaşıl üzüm hər ikisi antioksidantlarla zəngindir. Qida dəyərinə görə bir-birinə bənzəsələr də, qırmızı üzüm daha yüksək miqdarda antioksidant ehtiva edə bilər. Son seçim isə əsasən dad üstünlüklərindən və məhsulun əlçatanlığından asılıdır.
Demokrat.az xəbər verir ki, bu barədə “Verywell Health” nəşri yazır.
Antioksidantların müqayisəsi
Məqalədə qeyd olunur ki, qırmızı üzümdə yaşıl üzümlə müqayisədə flavonoidlər qrupuna aid olan antioksidantlar, o cümlədən kversetin və mirisetin daha çoxdur. Bundan əlavə, qırmızı və yaşıl üzüm sağlamlıq üçün faydalı digər antioksidant birləşmələrin – resveratrol və antosianların miqdarına görə də fərqlənir.
Resveratrol
“Həm qırmızı, həm də yaşıl üzüm resveratrol ehtiva edir. Lakin qırmızı və bənövşəyi üzümdə onun miqdarı yaşıl üzümdən daha yüksəkdir. Resveratrolun antioksidant, iltihabəleyhinə, ürək-damar sistemini qoruyan və sinir sistemini dəstəkləyən xüsusiyyətlərə malik olduğu müəyyən edilib”, deyə nəşr yazır.
Məlumata görə, bir çox insanın qırmızı şəraba ağ şərabdan üstünlük verməsinin səbəblərindən biri də onun daha çox resveratrol ehtiva etməsidir. Bununla belə, bu fərq qismən istehsal texnologiyası ilə bağlıdır.
“Resveratrol üzümün qabığında olur. Ağ şərab adətən qabığı ayrılmış üzümdən hazırlanır, qırmızı şərab isə qabıqla birlikdə emal edilir. Buna görə də qırmızı şərab ağ şərabla müqayisədə daha çox resveratrol ehtiva edir”, deyə məqalədə izah edilir.
Antosianlar
Yaşıl üzümdə polifenolların böyük hissəsi flavonollar formasında olduğu halda, qırmızı üzümdə onların əksəriyyəti antosianlar şəklindədir.
Antosianlar qırmızı üzümə xarakterik rəng verən piqmentlərdir. Onlar aşağıdakı faydalı xüsusiyyətlərə malikdir:
* antioksidant təsir; * diabetə qarşı qoruyucu təsir; * şiş əleyhinə təsir; * iltihabəleyhinə təsir; * antimikrob təsir.
“Üzüm qabığından əldə olunan antosianlar mürəbbə və müxtəlif içkilər kimi bənövşəyi rəngli məhsullarda təbii qida boyası kimi istifadə olunur”, dryə nəşr əlavə edib.
Jalə Demokrat.az


