Sağlamlıq Özəl

Banan və portağal: Orqanizm üçün hansı meyvə daha faydalıdır?

Banan və portağal: Orqanizm üçün hansı meyvə daha faydalıdır?

Banan və portağal Azərbaycan da daxil olmaqla bir çox ölkədə ən çox istehlak edilən tropik meyvələr sırasındadır. Onların hər biri orqanizm üçün özünəməxsus faydalara malikdir. İnsanlar çox vaxt bu meyvələrin sağlamlığa müsbət təsirini yetərincə qiymətləndirmirlər. Xüsusilə də ürək sağlamlığının qorunmasında onların mühüm rolu var. Alimlər bananın orqanizmə faydalarını, portağalın üstünlüklərini və hansı meyvənin daha faydalı olduğunu araşdırıblar.

Demokrat.az xəbər verir ki, “Eating Well” nəşrinin məlumatına görə, hər iki meyvə yüksək qida dəyərinə malikdir və orqanizmə müsbət təsir göstərir. Bununla belə, onların tərkibi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Alimlər bu meyvələrin ümumi sağlamlığa, xüsusilə də ürək-damar sisteminə təsirini müqayisə ediblər.

Mütəxəssislərin sözlərinə görə, bananın əsas üstünlüyü yüksək kalium tərkibidir. Son elmi araşdırmalardan biri göstərir ki, kaliumun kifayət qədər qəbulu arterial təzyiqin aşağı düşməsi ilə əlaqəli ola bilər. Bu isə insult riskinin azalmasına kömək edir. Bir iri banan gündəlik kalium tələbatının təxminən 10 faizini təmin edir.

Başqa bir elmi icmal isə bananın ateroskleroz riskinin azaldılmasındakı potensialını araşdırıb. Meyvənin tərkibindəki polifenollar, karbohidratlar, lif, flavonoidlər və E vitamini qan damarlarının sağlamlığını dəstəkləyir, hüceyrələrin zədələnməsini ləngidir və zərərli xolesterinin səviyyəsini azaltmağa kömək edir.

Mütəxəssislər bananı tam yetişməmiş, yəni bir qədər yaşıl halda yeməyi tövsiyə edirlər. Bu mərhələdə onun tərkibində davamlı nişastanın miqdarı daha yüksək olur. Davamlı nişasta bağırsaq sağlamlığı və maddələr mübadiləsi üçün faydalıdır, yoğun bağırsağın faydalı mikroflorasını qidalandırır.

Portağalın əsas üstünlüyü isə yüksək C vitamini, fol turşusu və flavonoid tərkibidir. Onun tərkibindəki hesperidin adlı birləşmə qan damarlarının fəaliyyətini yaxşılaşdırır, qan şəkərinin tənzimlənməsinə kömək edir və ümumilikdə ürək sağlamlığını dəstəkləyir. Mütəxəssislər təzə sıxılmış portağal şirəsini, xüsusilə də tərkibindəki ağ lifli hissə ilə birlikdə qəbul etməyi məsləhət görürlər. Çünki faydalı maddələrin böyük hissəsi məhz burada cəmləşib.

Portağalın digər mühüm üstünlüyü yüksək fol turşusu tərkibidir. Bu maddə qan damarlarını zədələyən və tromb əmələ gəlməsinə səbəb ola bilən homosistein səviyyəsinin azalmasına kömək edir. Araşdırmalar fol turşusu ilə zəngin qidaların qəbulunu insult riskinin azalması ilə əlaqələndirir.

Bəs hansı daha yaxşı seçimdir – banan, yoxsa portağal?

Bu, əsasən məqsədinizdən asılıdır. Əgər tez enerji toplamaq və ya intensiv məşqdən əvvəl qidalanmaq istəyirsinizsə, banan daha uyğun seçimdir. O, orqanizmi sürətlə enerji ilə təmin edir və toxluq hissi yaradır.

Şəkərli diabetdən əziyyət çəkən və ya çəki azaltmağa çalışan şəxslər üçün isə aşağı qlisemik indeksə və daha az kaloriyə malik olduğuna görə portağal daha məqsədəuyğun hesab edilir.

Ümumilikdə isə sağlamlıq baxımından həm banan, həm də portağal olduqca faydalı meyvələrdir və onların hər ikisini gündəlik qidalanma rasionuna daxil etmək tövsiyə olunur.

Jalə Demokrat.az

D
demokrat.az