Daimi olaraq noxud (türk noxudu) istehlakı ürək-damar xəstəlikləri və bəzi onkoloji xəstəliklərin inkişaf riskini azalda bilər.
Demokrat.az xəbər verir ki, bu barədə gazeta.ru-ya bioloq İrina Lyalina bildirib.
Onun sözlərinə görə, noxud paxlalılar fəsiləsinə aid, qida dəyəri yüksək və geniş istifadə olunan məhsuldur:
"Noxudun tərkibində 20–25 faiz zülal var ki, bu da onu ət üçün yaxşı alternativə çevirir. Bu xüsusilə heyvan mənşəli qidalardan imtina edən insanlar üçün əhəmiyyətlidir. Tərkibindəki mürəkkəb karbohidratlar uzun müddət toxluq hissi yaradır və gün ərzində enerji səviyyəsinin sabit qalmasına kömək edir".
Bioloqun sözlərinə görə, noxud B qrupu vitaminləri (B1, B6 və B9) ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəaliyyətində və maddələr mübadiləsində mühüm rol oynayır. E vitamini və antioksidantlar isə oksidləşdirici stresslə mübarizəyə kömək edir və yaşlanma prosesini ləngidir.
Məhsulun mineral tərkibi də zəngindir. Dəmir anemiyanın qarşısının alınmasına kömək edir, kalsium və maqnezium sümükləri və dişləri möhkəmləndirir, kalium isə su-duz balansını qoruyur və ürəyin normal fəaliyyətini dəstəkləyir.
Lyalinanın sözlərinə görə, tərkibindəki antioksidantlar sayəsində noxudun müntəzəm istehlakı ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskini azalda bilər.
O bildirib ki, kalium və maqnezium arterial təzyiqin sabitləşməsinə və damar divarlarının möhkəmlənməsinə kömək edir. Bu səbəbdən noxud ürək-damar sistemini dəstəkləyən qidalanma proqramlarına tez-tez daxil edilir. Tərkibindəki yüksək lif miqdarı bağırsaqların fəaliyyətini yaxşılaşdırır, peristaltikanı aktivləşdirir və qəbizliyin qarşısını alır.
Bioloq əlavə edib ki, noxud aşağı qlisemik indeksə malik olduğundan şəkərli diabet xəstələri üçün də uyğun seçim ola bilər. Məhsul yüksək qida dəyərinə baxmayaraq, az yağ ehtiva etdiyindən çəkiyə nəzarət edən insanlar tərəfindən də qiymətləndirilir.
Hamiləlik dövründə noxudun tərkibindəki fol turşusu (B9 vitamini) dölün düzgün inkişafı üçün vacib hesab olunur. Kişilər üçün isə məhsuldakı zülal və sink hormonal balansın və reproduktiv sistemin sağlamlığının qorunmasına kömək edir.
Bununla yanaşı, Lyalina vurğulayıb ki, noxudun bəzi əks göstərişləri də var. O, qastrit, mədə xorası və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsi zamanı tövsiyə edilmir.
Mütəxəssis bildirib ki, tərkibində purinlərin yüksək olması səbəbindən noxud podaqra və sidik daşı xəstəliyi olan şəxslər üçün arzuolunmaz ola bilər, çünki purinlər sidik turşusunun səviyyəsini artıra bilər. Bundan əlavə, məhsula fərdi həssaslıq halları da mümkündür.
Lyalina xüsusilə üç yaşdan kiçik uşaqların və yaşlı insanların qidalanmasına noxudun ehtiyatla daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, məhsul həzm sistemi üçün nisbətən ağırdır.
"Noxudun tərkibində çoxlu lif olduğuna görə köp və qaz yaranmasına səbəb ola bilər. Bu təsiri azaltmaq üçün onu bişirməzdən əvvəl 8–12 saat soyuq suda islatmaq lazımdır. Bu üsul həm həzm zamanı narahatlığı azaldır, həm bişmə müddətini qısaldır, həm də məhsulun mənimsənilməsini yaxşılaşdırır", deyə bioloq vurğulayıb.
Jalə Demokrat.az


