Sağlamlıq Özəl

Bu ərazidə böyüyən uşaqlarda astma və allergiyaya daha az rast gəlinir

Bu ərazidə böyüyən uşaqlarda astma və allergiyaya daha az rast gəlinir

Almaniyalı alimlərin yeni araşdırmasına görə, fermalarda böyüyən və inəklərlə əlaqəli mikroorqanizmlərlə təmasda olan uşaqlarda astma, allergiya və ekzemanın yaranma riski daha aşağıdır.

Demokrat.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri məlumat yayıb.

Tədqiqatçılar "ferma effekti" adlandırılan fenomeni izah edə biləcək doqquz bakteriya növünü müəyyən ediblər. Bu fenomen kənd yerlərində böyüyən uşaqlarda allergik xəstəliklərin şəhərdə yaşayan həmyaşıdları ilə müqayisədə daha az müşahidə olunmasını ifadə edir.

Alimlər uzun illərdir immun sisteminin sağlam inkişafı üçün müxtəlif mikroorqanizmlərlə təmasın vacibliyini vurğulayırlar. Bu yanaşma "gigiyena hipotezi" kimi tanınır. Hipotezə görə, inkişaf etmiş ölkələrdə həddindən artıq steril mühit allergiya və astma hallarının artmasına səbəb ola bilər.

"Ferma şəraitində böyüyən və daha çox mikroorqanizmlə təmasda olan qız və oğlan uşaqlarında bu problemlər xeyli az müşahidə olunur", deyə "Helmholtz Munich" Astma və Allergiyanın Profilaktikası İnstitutunun epidemioloqu Markus Ege bildirib.

Alimlər hesab edirlər ki, bu təsirin əsasını təşkil edən konkret bakteriyaları müəyyənləşdirə biliblər. Onların arasında "Romboutsia timonensis" və "Glutamicibacter arilaitensis" növləri də var.

Tədqiqat çərçivəsində Almaniyanın cənubundakı kənd icmalarında yaşayan 1018 məktəblinin döşəklərindən götürülmüş toz nümunələri analiz edilib. Bundan əlavə, həmin qrupdan olan 47 uşağın yaşadığı fermalardakı inək tövlələrinin havasından da nümunələr götürülüb.

Məlum olub ki, müəyyən edilən doqquz "qoruyucu" bakteriya növü döşəklərdəki ümumi mikroorqanizmlərin təxminən 6 faizini təşkil etdiyi halda, tövlələrdə bu göstərici 25 faizə çatıb. Bu bakteriyalarla daha çox təmasda olan, xüsusilə də fermalarda yaşayan uşaqlarda astmanın yaranma riski əhəmiyyətli dərəcədə aşağı olub.

Araşdırmaya görə, bu bakteriyalar inəklərin bağırsaqlarından peyinə keçir, daha sonra isə toz hissəcikləri ilə birlikdə tövlənin havasına yayılır. Uşaqlar həmin mikroorqanizmləri nəfəs alarkən qəbul edir və onları evlərinə də daşıyırlar. Məhz buna görə bakteriyaların izləri uşaqların döşəklərində də aşkarlanıb.

Tədqiqatçılar bildirirlər ki, bakteriyaların istehsal etdiyi metabolitlər immun sisteminin fəaliyyətinə və gen ifadəsinə təsir göstərən AhR reseptorunu aktivləşdirir.

"AhR reseptorunun yüksək səviyyədə aktivləşməsi zərərli ola bilər. Lakin bakterial metabolitlərin nəfəsalma yolu ilə qəbulundan yaranan orta səviyyəli aktivləşmə faydalıdır", deyə araşdırma müəllifləri qeyd ediblər.

Onların sözlərinə görə, bu proses güclü iltihabəleyhinə reaksiyanı stimullaşdıraraq astma və allergiyanın inkişaf riskini azalda bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, dəqiq mexanizmləri müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var. Araşdırma müşahidə xarakteri daşıdığı üçün mikroorqanizmlərlə təmas və qoruyucu təsir arasında güclü əlaqə göstərsə də, səbəb-nəticə münasibətini tam sübut etmir.

Jalə Demokrat.az

D
demokrat.az