Dünya Özəl

Türkiyə Afrika ölkələrinə dizel lokomotivləri ixrac etməyə başlayıb

Türkiyə Afrika ölkələrinə dizel lokomotivləri ixrac etməyə başlayıb

Türkiyə TÜRASAŞ müəssisəsində istehsal olunan ilk DE 10000 dizel manevr lokomotivini Tanzaniyaya göndərib.

Demokrat.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Türkiyə, TÜRASAŞ müəssisələrində yığılmış ilk DE 10000 dizel-elektrik manevr lokomotivini Afrika qitəsinə ixrac edib. 7000 kilometrlik dəniz səyahətini başa vurduqdan sonra o, tezliklə Afrika dəmir yollarında istismara veriləcək.

"Türkiyə yerli dəmir yolu sənayesinin inkişafında daha bir mühüm mərhələyə çatıb. Yerli istehsal olan dəmir yolu nəqliyyat vasitələrinin istifadəsi davamlı olaraq artır, hazırlanaraq istehsal edilən avadanlıqlar isə beynəlxalq bazarlara tədarük olunur", - deyə Uraloğlu bildirib.

Nazir bildirib ki, Türkiyə istehsalı olan manevr lokomotivi böyük bir dəniz səyahətinə çıxmağa hazırlaşır

"Kocaeli vilayətindəki Derince limanından Dar-əs-Salama qədər olan bu marşrut təxminən 3946 dəniz mili (7308 km) məsafəni əhatə edəcək və səfərdən sonra lokomotiv Tanzaniyanın dəmir yolu parkına daxil olacaq", - deyə türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, Əskişəhər vilayətində yığılan bu yeni lokomotiv təkcə Türkiyə mühəndisliyinin məhsulu deyil, həm də 90% yerli istehsal olan komponentlərdən hazırlanıb. O, TÜRASAŞ və TÜBİTAK-ın əməkdaşlığı nəticəsində hazırlanmış və gücü 1000 at gücünü aşan ilk Türkiyə istehsalı dizel mühərriki olan "Özgün Motor"la hərəkətə gətirilir. Nazir qeyd edib ki, mühərriklə bağlı bütün əqli mülkiyyət hüquqları Türkiyəyə məxsusdur.

Abdülkadir Uraloğlu əlavə edib ki, qatarın mühərriki xüsusi bir milli qürur mənbəyidir: onun hazırlanması prosesində əldə edilən mühəndislik təcrübəsi və layihələndirmə imkanları Türkiyənin hərəkətverici sistemlər sahəsindəki texnoloji səriştəsini yeni bir səviyyəyə qaldırıb, bu isə təkcə dəmir yolu sənayesində deyil, həm də digər iqtisadi sektorlarda tələbat potensialına malik strateji əhəmiyyətli bir məhsuldur.

Alparslan Demokrat.az

D
demokrat.az