Sağlamlıq Özəl

Arıqlama üçün "möcüzə dərman": Alkoqol asılılığına qarşı da təsirli ola bilər

Arıqlama üçün möcüzə dərman: Alkoqol asılılığına qarşı da təsirli ola bilər

Diabetin müalicəsi üçün hazırlanmış GLP-1 əsaslı preparatlar, o cümlədən "Ozempic", gələcəkdə alkoqol asılılığının müalicəsində də istifadə oluna bilər.

Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın hvg.hu nəşri yeni tədqiqata istinadən yazıb.

Bildirilir ki, "Ozempic" və "Wegovy" preparatlarının aktiv maddəsi olan semaqlutid alkoqola meyli azaltmağa kömək edə bilər.

ABŞ-ın Kolorado Universitetinin alimləri alkoqol asılılığından əziyyət çəkən insanlar arasında kiçik həcmli randomizə olunmuş tədqiqat aparıblar. Araşdırmada orta və ağır dərəcəli alkoqol istifadəsi pozuntusu olan 50 nəfər iştirak edib.

İştirakçıların yarısı səkkiz həftə ərzində plasebo, digər yarısı isə müxtəlif dozalarda semaqlutid əsaslı preparat qəbul edib.

Tədqiqatın nəticələrinə görə, semaqlutid qəbul edən iştirakçılar plasebo qrupundakılarla müqayisədə həddindən artıq alkoqol qəbul etdiklərini daha az bildiriblər. Alimlər hesab edirlər ki, bu nəticə GLP-1 preparatlarının tətbiqi üçün yeni istiqamət aça bilər.

Araşdırma zamanı alkoqola meyli qiymətləndirən testlərdə və gündəlik orta alkoqol istehlakında qruplar arasında ciddi fərq qeydə alınmasa da, semaqlutid qəbul edənlərdə həddindən artıq alkoqol istifadəsi ilə müşayiət olunan günlərin sayında nəzərəçarpacaq azalma müşahidə edilib.

Bundan əlavə, tədqiqatın nəticələrinə əsasən, GLP-1 preparatı qəbul edən iştirakçılarda alkoqol istifadəsinin mənfi nəticələri də daha az olub.

Jalə Demokrat.az

D
demokrat.az