Maraqlı Özəl

Yuxuda qorxduqda nə etməli? — Kabusların gizli səbəbi və dərhal rahatlamağın yolları

Yuxuda qorxduqda nə etməli? — Kabusların gizli səbəbi və dərhal rahatlamağın yolları

Gecə yuxudan qəfil qorxu hissi, həyəcan və ya soyuq tər içində oyanmaq bir çox insanın qarşılaşdığı hallardandır. Bəzən buna qorxulu yuxular, bəzən isə el arasında "yuxubasma" kimi tanınan, tibbdə "yuxu iflici" adlandırılan vəziyyət səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə anlarda düzgün davranış qorxu hissini qısa müddətdə azaltmağa kömək edə bilər.

Demokrat.az xəbər verir ki, yuxudan qorxu ilə oyandıqda ilk növbədə sakitləşməyə çalışmaq tövsiyə olunur.

Mütəxəssislərin sözlərinə görə, belə anlarda dərin nəfəs almaq ən təsirli üsullardan biridir. Dörd saniyə nəfəs almaq, dörd saniyə saxlamaq və dörd saniyə ərzində yavaş-yavaş vermək ürək döyüntülərinin normallaşmasına kömək edir.

Qorxu hissinin azalması üçün otaqda zəif işıq yandırmaq, bir neçə qurtum su içmək və diqqəti başqa istiqamətə yönəltmək də faydalı hesab olunur.

Əgər insan yuxu iflici ilə qarşılaşırsa, panikaya düşməməsi tövsiyə edilir. Bu zaman gözləri və barmaqları tərpətməyə çalışmaq bədənin normal vəziyyətə qayıtmasını sürətləndirə bilər.

Psixoloqlar bildirirlər ki, tez-tez görülən kabuslar və qorxu ilə oyanmaların əsas səbəblərindən biri gündəlik stress və emosional gərginlikdir. Bundan əlavə, yatmazdan əvvəl ağır qidalar qəbul etmək və nizamsız yuxu rejimi də bu problemlərin yaranmasına şərait yarada bilər.

Mütəxəssislər gecə rahat yuxu üçün yatmazdan əvvəl telefon, planşet və digər elektron cihazlardan istifadəni azaltmağı, otağı havalandırmağı və müntəzəm yuxu rejiminə əməl etməyi məsləhət görürlər.

Onların fikrincə, qorxulu yuxular və ya yuxu iflici mütəmadi təkrarlanır, gündəlik həyata təsir göstərir və uzun müddət davam edirsə, mütləq həkim və ya psixoloqa müraciət edilməlidir.

Jalə Demokrat.az

D
demokrat.az