Yuxular hər bir insanın yaşadığı təcrübə olsa da, onların məzmunu olduqca fərdidir.
Demokrat.az xəbər verir ki, "Communications Psychology" jurnalında dərc olunan yeni elmi araşdırma yuxuların süjetinin necə formalaşdığını göstərib.
Araşdırmada İtaliyadan 207 yetkin şəxs iştirak edib. Onlar 2020–2024-cü illər ərzində hər gün gecə gördükləri yuxuları və gün ərzində baş verən hadisələri qeydə alıblar. Nəticədə tədqiqatçılar 3 300-dən çox yuxu təsviri toplayıblar. Bundan əlavə, iştirakçılar yaddaş, diqqət, xarakter xüsusiyyətləri və yuxu keyfiyyəti ilə bağlı testlərdən keçiblər.
Alimlər yuxularla gündəlik hadisələri müqayisə edərək maraqlı fərqlər müəyyən ediblər. Məlum olub ki, yuxularda insanın öz düşüncələri barədə düşüncələrə daha az yer verilir, əvəzində daha parlaq təsvirlər, müxtəlif insanlar və qeyri-adi hadisələr üstünlük təşkil edir.
Yuxulara nə təsir edir?
Araşdırma göstərib ki, insanın xarakter xüsusiyyətləri gördüyü yuxuların məzmununa birbaşa təsir göstərir.
Məsələn, tez-tez diqqəti yayınan və xəyallara dalmağa meylli insanlar daha parçalanmış, kaleidoskopu xatırladan yuxular görürlər. Əksinə, yuxularında dərin məna axtarmağa meylli şəxslər daha emosional, realist və təfərrüatlarla zəngin yuxular görürlər.
Nəticələr göstərir ki, yuxular yalnız əvvəlki gün baş verən hadisələrdən deyil, həm də insanın psixoloji xüsusiyyətlərindən asılı olaraq daha sakit, parlaq və ya narahatedici ola bilər.
Alimlər həmçinin 2020-ci ilin yazında COVID-19 pandemiyası dövründə tətbiq olunan ilk sərt karantin zamanı görülən yuxuları da təhlil ediblər.
Müəyyən edilib ki, həmin dövrdə insanların yuxularında məhdudiyyət hissi və güclü emosiyalar daha çox müşahidə olunub. İtaliyada həyat tədricən normallaşdıqca isə bu xüsusiyyətlər zəifləyib.
Bu nəticələr göstərir ki, genişmiqyaslı ictimai sarsıntılar yuxuların məzmununa təsir etsə də, zaman keçdikcə beyin yeni şəraitə uyğunlaşır.
“Tədqiqatın nəticələri göstərir ki, həm sabit fərdi xüsusiyyətlər, həm də gündəlik təcrübələr birlikdə yuxuların semantik məzmununu formalaşdırır”, deyə müəlliflər bildiriblər.
Alimlərin sözlərinə görə, araşdırmanın əsas üstünlüyü onun bir neçə il ərzində toplanmış geniş həcmli real məlumatlara əsaslanmasıdır. Nəticələr göstərir ki, yuxular təsadüfi görüntülər toplusu deyil, insanın şəxsiyyəti ilə gündəlik yaşantılarının qarşılıqlı təsirinin məhsuludur.
Tədqiqat müəlliflərinin fikrincə, bu qənaətlər beynin emosiyaları, xatirələri və stressi necə emal etdiyini daha yaxşı anlamağa kömək edə bilər. Gələcəkdə isə bu nəticələrdən təşviş pozuntuları, kabuslar və yuxu problemlərinin öyrənilməsi və müalicəsi ilə məşğul olan psixoloq və həkimlər faydalana bilərlər.
Jalə Demokrat.az


