Sosial Özəl

"Bu gün 900 nəfərdirsə, sabah 9 min, 90 min ola bilər"

Bu gün 900 nəfərdirsə, sabah 9 min, 90 min ola bilər

Son dövrlərdə uşaqlara ata soyadı ilə yanaşı, ana soyadının verilməsi hallarının artması ailə münasibətlərində və sosial yanaşmalarda baş verən dəyişikliklər fonunda diqqət çəkir. Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadının verilməsi soyad seçiminin hüquqi və ictimai tərəfləri ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.

Uşaqlara ananın soyadının verilməsinin artması cəmiyyətdə hansı dəyişikliklərin göstəricisidir?

Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, hüquqi baxımdan buna maneə yoxdursa, övlada ananın soyadının verilməsi valideynlərin şəxsi seçimidir.

Onun sözlərinə görə, prinsip etibarilə, mənəvi dəyərlər baxımından övladın ata soyadını daşıması daha doğru hesab olunur:

“Atalıq hüququnun qorunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Düşünürəm ki, istənilən halda hər bir övlad atasının soyadını daşımalıdır. Çünki ailənin qurucusu və əsas məsuliyyət daşıyan tərəfi, adətən, Azərbaycan cəmiyyətində, eləcə də dünyanın əksər ölkələrində atadır. Hətta müasirliyin ən yüksək səviyyədə olduğu, ənənəvi baryerlərin böyük ölçüdə aradan qalxdığı ölkələrdə belə ata soyadı və ata xətti əsas götürülür.

Ata nüfuzunun zəiflədiyi, ata soyadının qəbul edilmədiyi və ya atanın bu mənada rolunun tanınmadığı ailələrdə psixoloji fikir ayrılıqları, ailədaxili boşluqlar, hətta boşanmalar daha çox müşahidə olunur. Buna görə də soyadın dəyişdirilməsinə yalnız istisna hallarda yol verilə bilər. Təbii ki, istisnalar var, lakin onlar ümumi qaydaları və dəyərləri dəyişmir.

Bu gün belə halların sayı 900-dən çoxdursa, sabah 9 min, daha sonra isə 90 min ola bilər. Ona görə də düşünürəm ki, bu ənənə qorunmalıdır. Bu məsələyə mənəvi dəyərlər baxımından yanaşmaq, kişinin ailədəki rolunu, şəxsiyyətini və əvəzolunmaz yerini qorumaq vacibdir. Burada söhbət üstünlükdən deyil, ailədə kişinin özünəməxsus rolundan gedir.

Əks arqument kimi qadın və kişinin hüquqlarının bərabər olduğu qeyd oluna bilər və bu, doğrudur. Müəyyən hallarda, müəyyən şərtlər daxilində övladın ananın soyadını daşıması da mümkündür. Məsələn, varislik prinsipləri, mənəvi və etik səbəblər və ya valideynlərin ortaq razılığı əsasında belə qərar verilə bilər. Bu, xüsusilə nəsil və soyun davam etdirilməsi baxımından zərurət yarandıqda mümkün ola bilər. Belə hallarda bu, ailənin daxili qərarı kimi qəbul edilə bilər.

Lakin ümumi qayda ondan ibarət olmalıdır ki, övlad ata soyadını daşısın. Valideynlərin hüquqları bərabərdir. Şəxsiyyət vəsiqəsində və digər rəsmi sənədlərdə “filankəsin oğlu”, “filankəsin qızı” ifadələri ilə atanın adı göstərilir. Eyni zamanda övlad ananın da övladıdır. Lakin soyad məsələsində fərqli yanaşma yalnız müəyyən əsaslar olduqda tətbiq edilə bilər.

Məsələn, ananın qızlıq soyadı ilə həyat yoldaşının soyadı eyni olduqda burada heç bir mübahisə yaranmır. Bundan başqa, qeyd etdiyim istisna hallarda da belə prosedurlar həyata keçirilə bilər.

Ümumilikdə isə xüsusi və ciddi səbəb yoxdursa, övlad mütləq atasının soyadını daşımalıdır”, – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az