Maraqlı Özəl

Gürcü mətbəxinin məşhur tkemali sousu — Qırmızı alçadan hazırlanma qaydası

Gürcü mətbəxinin məşhur tkemali sousu — Qırmızı alçadan hazırlanma qaydası

Qırmızı alçadan hazırlanan tkemali sousu Gürcü mətbəxinin ən məşhur souslarından biridir. Turşməzə dadı ilə seçilən bu sous ət və toyuq yeməkləri, kabab, kartof qızartması, eləcə də müxtəlif qəlyanaltılarla əla uyğunlaşır. Təbii tərkibi sayəsində ketçupa sağlam alternativ hesab olunur.

Demokrat.az tkemali sousunun hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar

*1 kiloqram qırmızı alça *4–5 diş sarımsaq *1 dəstə keşniş *1 dəstə şüyüd *1 dəstə nanə *1 çay qaşığı üyüdülmüş keşniş toxumu *1 çay qaşığı qırmızı bibər *Duz (zövqə görə) *Şəkər (alçanın turşuluğundan asılı olaraq zövqə görə)

Hazırlanma qaydası

Əvvəlcə alçaları yuyub qazana tökün. Üzərini azca örtəcək qədər su əlavə edin və meyvələr yumşalana qədər bişirin.

Bişmiş alçaları süzgəcdən keçirərək tumunu və qabığını ayırın. Alınan püresi yenidən qazana tökün.

Üzərinə xırda doğranmış keşniş, şüyüd və nanəni, əzilmiş sarımsağı, üyüdülmüş keşniş toxumunu, qırmızı bibəri, duzu və istəyə görə bir qədər şəkər əlavə edin.

Sousu zəif odda 10–15 dəqiqə qarışdıraraq bişirin. Lazım gələrsə, qatılığını az miqdarda su əlavə etməklə tənzimləyə bilərsiniz.

Hazır tkemali sousunu soyutduqdan sonra şüşə bankalara dolduraraq soyuducuda saxlayın.

Bu sous xüsusilə kabab, qızardılmış ət, toyuq yeməkləri, kartof qızartması və müxtəlif qəlyanaltılarla birlikdə süfrəyə verilə bilər.

Jalə Demokrat.az

D
demokrat.az