Sağlamlıq Özəl

Yayın gizli təhlükəsi: Bir boşqab salat sizi xəstəxanalıq edə bilər

Yayın gizli təhlükəsi: Bir boşqab salat sizi xəstəxanalıq edə bilər

Yay aylarında süfrələrin vazkeçilməz yeməklərindən sayılan mayonezli salatlar düzgün hazırlanmadıqda və uyğun şəraitdə saxlanılmadıqda sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər isti havalarda bu cür qidaların qısa müddətdə xarab olduğunu və qida zəhərlənməsi riskini artırdığını bildirirlər.

Demokrat.az xəbər verir ki, havanın temperaturunun yüksəlməsi bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Xüsusilə mayonez, qaynadılmış yumurta, toyuq əti, kolbasa və süd məhsulları ilə hazırlanan salatlar soyuducudan kənarda qaldıqda sağlamlıq üçün riskli hesab olunur.

Həkimlərin sözlərinə görə, mayonezli salatlar hazırlandıqdan sonra otaq temperaturunda iki saatdan artıq saxlanılmamalıdır. Temperatur 30 dərəcədən yüksək olduqda isə bu müddət bir saatdan çox olmamalıdır. Əks halda qidada gözlə görünməyən bakteriyalar sürətlə çoxalaraq zəhərlənməyə səbəb ola bilər.

Qida zəhərlənməsinin ilk əlamətləri adətən ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə özünü göstərir. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.

Mütəxəssislər mayonezli salat hazırlayarkən yalnız təzə məhsullardan istifadə etməyi, tərəvəz və göyərtiləri yaxşı yumağı, çiy və bişmiş ərzaqları ayrı-ayrı hazırlamağı, mayonezi isə salata süfrəyə verməzdən əvvəl əlavə etməyi məsləhət görürlər.

Qeyd edilir ki, isti yay günlərində mayonezli salatlar əvəzinə zeytun yağı, limon suyu və ya qatıqla hazırlanan salatlar həm daha təhlükəsiz, həm də orqanizm üçün daha faydalıdır.

Jalə Demokrat.az

D
demokrat.az