“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Politoloqun sözlərinə görə, imzalanan sənədlər mövcud əməkdaşlığın hüquqi bazasını genişləndirməklə yanaşı, Bakı ilə Bişkekin uzunmüddətli strateji hədəflərini əks etdirən yol xəritəsi rolunu da oynayır:
“Bu baxımdan söhbət təkcə ikitərəfli münasibətlərin inkişafından deyil, bütövlükdə Türk dünyasında inteqrasiyanın dərinləşməsinə xidmət edən mühüm siyasi addımdan gedir. Son illər Azərbaycan və Qırğızıstan arasında siyasi dialoqun intensivləşməsi iqtisadiyyat, nəqliyyat, investisiya, rəqəmsal inkişaf, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin formalaşdırıb. İmzalanmış sənədlər bu prosesin sistemli xarakter aldığını nümayiş etdirir. Xüsusilə iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması hər iki ölkənin milli inkişaf strategiyalarına uyğun olmaqla yanaşı, regional iqtisadi inteqrasiyaya da müsbət töhfə verəcək”.
Rəşad Bayramov bu əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat və logistika sahəsi olduğunu vurğulayıb:
“Azərbaycan artıq Avrasiya məkanında mühüm tranzit mərkəzlərindən birinə çevrilib və Orta Dəhlizin inkişafında aparıcı rol oynayır. Qırğızıstanın da bu marşrutun imkanlarından daha fəal istifadə etməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yükdaşımaların artmasına, ticarət əlaqələrinin genişlənməsinə və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaq. Bu baxımdan imzalanan sənədlər bütövlükdə Avrasiya nəqliyyat sisteminin inkişafına xidmət edən mühüm qərarlar kimi qiymətləndirilə bilər.
Səfərin siyasi əhəmiyyətini artıran əsas amillərdən biri də Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq baxışlarının daha da yaxınlaşmasıdır. Son illərdə təşkilat daxilində iqtisadi əməkdaşlığın, qarşılıqlı investisiyaların, nəqliyyat bağlantılarının və humanitar layihələrin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdə hər iki ölkənin fəal iştirakı diqqət çəkir. İmzalanmış sənədlər Türk dünyasında inteqrasiyanın praktiki nəticələr verdiyini və əməkdaşlığın artıq konkret layihələr üzərində qurulduğunu nümayiş etdirir.
Ümumilikdə isə Azərbaycan ilə Qırğızıstan arasında imzalanan sənədlər iki dost və qardaş ölkənin münasibətlərini daha yüksək strateji səviyyəyə yüksəldən mühüm addımdır. Bu sənədlər siyasi etimadın möhkəmlənməsini, iqtisadi əlaqələrin genişlənməsini və regional əməkdaşlığın yeni məzmun qazanmasını təmin etməklə yanaşı, Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi xarici siyasətin uğurlu nəticələrindən biri kimi də qiymətləndirilə bilər”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri baş tutub. Səfər zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb.


