Sağlamlıq Özəl

Sağlamlıq üçün ən faydalı 7 giləmeyvə açıqlandı

Sağlamlıq üçün ən faydalı 7 giləmeyvə açıqlandı

Diyetoloqlar vitamin, lif və antioksidantlarla zəngin olan ən faydalı giləmeyvələrin siyahısını hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, bu meyvələrin müntəzəm qəbulu ürək-damar sistemi, beyin fəaliyyəti və bağırsaq sağlamlığı üçün faydalıdır.

Demokrat.az xəbər verir ki, araşdırmaya əsasən, hər bir giləmeyvənin özünəməxsus üstünlükləri olsa da, bəzi növlər qida dəyərinə görə xüsusilə seçilir.

1. Fizalis (qızıl giləmeyvə)

Diyetoloq Kayli Kinq fizalisi həm təzə, həm də qurudulmuş formada istehlak etməyi tövsiyə edir. O bildirib ki, bu giləmeyvə C vitamini, lif və antioksidantlarla zəngindir, eyni zamanda digər giləmeyvələrlə müqayisədə daha az şəkər ehtiva edir.

2. Qoji giləmeyvəsi

Qurudulmuş halda daha geniş yayılan qoji giləmeyvəsi antioksidantlar, lif və bitki mənşəli zülal mənbəyidir. Tədqiqatlar onun immuniteti gücləndirməyə, "pis" xolesterinin səviyyəsini azaltmağa və göz sağlamlığını qorumağa kömək edə biləcəyini göstərir.

3. Çiyələk

Botaniki baxımdan giləmeyvə sayılmasa da, çiyələk qida dəyərinə görə siyahıda yer alıb. Bir stəkan çiyələk orqanizmin gündəlik C vitamini tələbatının təxminən 94 faizini qarşılayır. Bu vitamin immun sistemini, ürək sağlamlığını və kollagen sintezini dəstəkləyir.

4. Mərcanı (cranberry)

Mərcanı xüsusilə sidik yollarının sağlamlığı üçün faydalı hesab edilir. Tərkibindəki xüsusi birləşmələr bakteriyaların sidik yollarına yapışmasının qarşısını almağa kömək edir. Bundan əlavə, ürək sağlamlığını dəstəklədiyi və iltihabı azaltdığı bildirilir.

5. Böyürtkən

Tünd rəngi ilə seçilən böyürtkən güclü antioksidant mənbəyidir. Onun tərkibindəki antosianinlər və digər faydalı maddələr orqanizmdə oksidləşdirici stressi azalda, həmçinin yaş artdıqca beyin funksiyalarının qorunmasına dəstək verə bilər.

6. Moruq

Moruq yüksək lif tərkibi ilə seçilir. Bir stəkan moruqda təxminən 8 qram lif var ki, bu da siyahıdakı ən yüksək göstəricilərdən biridir. Eyni zamanda C vitamini və antioksidantlarla zəngin olan moruğun ürək xəstəlikləri və diabet riskini azaltmağa kömək edə biləcəyi qeyd olunur.

7. Qaragilə (blueberry)

Dietoloqlar qaragiləni dünyanın ən faydalı giləmeyvələrindən biri hesab edirlər. O, C və K vitaminləri, həmçinin antosianinlərlə zəngindir. Bu maddələrin ürək-damar xəstəlikləri, 2-ci tip diabet və yaşa bağlı idrak zəifləməsi riskini azaltmağa kömək etdiyi bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, bu giləmeyvələri gündəlik qidalanmaya əlavə etmək sağlam həyat tərzinin vacib hissəsi ola bilər. Onlar təzə şəkildə, yoqurt, smuzi, salat və müxtəlif desertlərin tərkibində rahatlıqla istifadə oluna bilər.

Jalə Demkokrat.az

D
demokrat.az