Son dövrlər insanların öz həyatlarını təhlükəyə atan davranışlarının daha çox müşahidə olunması psixoloji vəziyyətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, bu cür davranışların arxasında emosional gərginlik, diqqət çəkmək istəyi, ümidsizlik və ya digər psixoloji amillər dayana bilər. Ötən gün Bakıda piyadanın avtomobilin qarşısında yerə uzanmasını əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olundu. Bu cür hadisələrin artması nə ilə bağlıdır? İnsanları belə təhlükəli davranışlara sövq edən əsas səbəblər hansılardır və bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq Zümrüd Əsədova bildirib ki, ötən günlərdə paytaxt küçələrində bir piyadanın qəsdən avtomobilin qarşısında yerə uzanması ilə bağlı yaranan vəziyyət göstərdi ki, bu, sadəcə hüquqi pozuntu deyil, həm də dərindən araşdırılmalı olan sosial-psixoloji fenomendir.
Onun sözlərinə görə, sürücüləri hədəf alaraq qorxutmaq və bu yolla pul qopartmaq məqsədi güdən bu cür davranışların arxasında müəyyən psixoloji məqamlar dayanır:
“Məsuliyyət hissinin və empatiyanın deformasiyası: Bu cür addım atan şəxslərdə empatiya və vicdan mexanizmləri sönür. Onlar başqalarının həyatını, psixoloji sabitliyini və hüquqlarını heçə sayaraq, digərlərinin məsuliyyətli yanaşmasından öz şəxsi maraqları üçün sui-istifadə edirlər.
Asan qazanc impulsivliyi və destruktiv adaptasiya: Çətin sosial-iqtisadi şəraitdə dürüst yolla adaptasiya ola bilməyən və ya əməyə deyil, manipulyasiyaya üstünlük verən fərdlər təhlükəli, asan qazanc yollarına əl atırlar. Burada risk etmək və qanunazidd hərəkətlər törətmək qorxusu artıq arxa plana keçir.
Nəticə olaraq: Bu tip halların qarşısının alınması üçün təkcə hüquqi cəza tədbirləri deyil, eyni zamanda cəmiyyətdə bu cür manipulyativ və destruktiv düşüncə tərzinə qarşı ictimai qınağın gücləndirilməsi gərəkli ola bilər”, - deyə psixoloq fikrini tamamlayıb.


