Maraqlı Özəl

Evdə asan hazırlanan məcməyi kumpiri — Küçə ləzzəti indi mətbəxinizdə

Evdə asan hazırlanan məcməyi kumpiri — Küçə ləzzəti indi mətbəxinizdə

Küçədə satılan kumpiri sevənlər üçün həm praktik, həm də dadlı alternativ var.

Demokrat.az xəbər verir ki, məcməyi (soba qabı) içində hazırlanan bu kumpir resepti cəmi bir neçə dəqiqəyə hazırlanır və ailə süfrəsi, eləcə də qonaqlıqlar üçün əla seçimdir. İstəyə uyğun əlavələrlə zənginləşdirilə bilən bu yemək xüsusilə uşaqların sevimlisinə çevrilə bilər.

Hazırlanma vaxtı: 5 dəqiqə Bişirmə vaxtı: 15 dəqiqə Porsiya: 6-8 nəfərlik

Lazım olan ərzaqlar:

* 6-7 ədəd orta ölçülü kartof * 2 xörək qaşığı kərə yağı * 1 stəkan konservləşdirilmiş qarğıdalı * 1,5 stəkan bişmiş yaşıl noxud * 1,5 stəkan bişmiş yerkökü * 1,5 stəkan rəndələnmiş kaşar pendiri * 5 ədəd sosis * Yaşıl və qara zeytun * 1 çay stəkanı dairəvi doğranmış kornişon turşusu * 1 desert qaşığı pomidor salçası * Duz

Hazırlanması:

Əvvəlcə kartoflar qaynadılır, qabığı soyulur və əzilərək püre halına gətirilir. Üzərinə kərə yağı, duz və rəndələnmiş kaşar pendirinin bir hissəsi əlavə olunaraq yaxşıca qarışdırılır.

Hazırlanan kartof püresi əvvəlcədən yağlanmış və ya su ilə isladılmış soba qabına bərabər şəkildə yayılır və yüngülcə sıxılır.

Ayrı tavada dairəvi doğranmış sosislər pomidor salçası ilə qısa müddət qovrulur və kartof qatının üzərinə düzülür.

Sonra doğranmış yaşıl və qara zeytun, kornişon turşusu, qarğıdalı, yaşıl noxud və yerkökü əlavə edilir.

Ən sonda qalan kaşar pendiri bütün səthə səpilir və yemək əvvəlcədən 200 dərəcəyədək qızdırılmış sobada pendir tam əriyənə qədər bişirilir.

Hazır kumpir isti halda ketçup və mayonezlə birlikdə süfrəyə təqdim edilir.

Jalə

D
demokrat.az