Qadın və kişi arasında baş verən boşanma prosesində ən həssas və ən çox təsirlənən tərəf, adətən, uşaqlar olur. Əsas məsələ isə məhkəmə qərarı ilə uşağın saxlanılması üçün aliment təyin edilsə də, bəzən bu vəsaitin həqiqətən də uşağın ehtiyaclarına xərclənib-xərclənmədiyi ilə bağlıdır.
Hüquqşünas Şamil Paşayev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bəzən milli-mənəvi və ailə dəyərlərinin qorunması adı altında qadın hüquqlarının məhdudlaşdırılmasına, qadına qarşı zorakılığın və təhqirin əsaslandırılmasına yönələn yanaşmalarla rastlaşırıq.
Onun sözlərinə görə, alimentin təyinatı üzrə xərclənmədiyi və ya qadınların yalnız aliment almaq məqsədilə boşandığı barədə yayılan fikirlər də bu qəbildən olan miflərdəndir:
“Keçmişdə ailə institutunun qorunması adı altında qadınların fiziki və psixoloji zorakılığa məruz qalması, təhqir edilməsi və hüquqlarının məhdudlaşdırılması halları kifayət qədər geniş yayılmışdı. Bu reallığı cəmiyyətdə bir çox insan öz ətrafında müşahidə edib. Müstəqillik dövründən sonra isə qadınlar hüquqlarını daha yaxşı dərk etməyə, Konstitusiya və qanunvericiliyin onlara verdiyi hüquqlardan istifadə etməyə başlayıblar. Təhsil almaq, işləmək və iqtisadi müstəqillik qazanmaq imkanları artdıqca, zorakılıq və alçaldıcı münasibətlə qarşılaşan qadınlar boşanmaq qərarı verməkdə daha sərbəst olublar. Cəmiyyətdə geniş yayılan digər yanlış təsəvvür isə boşanma təşəbbüsünün əsasən qadınlardan gəldiyi barədədir. Halbuki statistik göstəricilər boşanma ilə bağlı müraciətlərin yalnız qadınlar tərəfindən edilmədiyini göstərir. Buna görə də “qadınlar yalnız aliment almaq üçün boşanırlar” fikri reallığı əks etdirmir. Alimentin məbləği ilə bağlı iddialar da əksər hallarda həqiqəti əks etdirmir”.
Hüquqşünas qeyd edib ki, Azərbaycanda bir uşaq üçün aliment adətən təxminən 200-300 manat arasında müəyyən edilir:
“Bu məbləğ ya sabit pul şəklində, ya da borcalanın əməkhaqqının qanunvericilikdə nəzərdə tutulan hissəsi kimi hesablanır. Müasir dövrdə uşağın saxlanılması xərcləri nəzərə alındıqda, bu vəsaitin kifayət qədər böyük məbləğ olmadığını görmək çətin deyil. Qidalanma, geyim, məktəb və hazırlıq xərcləri, xarici dil kursları, müxtəlif inkişaf proqramları və digər gündəlik ehtiyaclar nəzərə alınanda, aliment çox zaman uşağın xərclərinin yalnız bir hissəsini qarşılayır. Təkcə keyfiyyətli ayaqqabı və geyim dəsti belə bir neçə yüz manata başa gələ bilər. Bu baxımdan, alimentin təyinatı üzrə xərclənmədiyi barədə ümumi nəticəyə gəlmək düzgün deyil. Əlbəttə, istisna hallar ola bilər. Əgər aliment həqiqətən də uşağın ehtiyaclarına sərf olunmur, uşaq lazımi qida, geyim, təhsil və digər zəruri təminatlardan məhrum edilirsə, bu halda maraqlı şəxs aidiyyəti orqanlara müraciət edərək hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Lakin belə hallar ümumiləşdirilərək bütün aliment alan valideynlərə şamil edilə bilməz”.


